Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamenti Azərbaycanda fəaliyyət göstərən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hesabat verən maliyyə institutlarının məsul şəxsləri üçün maliyyə hesabları barədə avtomatik məlumat mübadiləsində əməletmə vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti seminar keçirilib.
Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin rəhbəri Səfərəli Cavadov seminar iştirakçılarına avtomatik məlumat mübadiləsinin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsinin əhəmiyyəti, bu sahədə əməletmə səviyyəsinin optimallaşdırılması və müvafiq sahəni əhatə edən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumat verib. Qeyd edib ki, ötən il həyata keçirilən ilk məlumat mübadiləsi uğurla başa çatdırılıb və artıq öz nəticələrini verir. Bu da öz növbəsində 2019-cu ildə baş tutacaq məlumat mübadiləsinin də müvəffəqiyyətli olacağına zəmin yaradıb.
Departamentin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi Elxan Əhmədzadə seminar iştirakçılarına avtomatik məlumat mübadiləsi standartı olan Ümumi Hesabatlılıq Standartının (CRS) tələbləri və müvafiq sahəni tənzimləyən normativ hüquqi sənədlər barədə ətraflı məlumat verib, hərtərəfli yoxlama prosedurlarının aparılması ardıcıllığı, atılması zəruri hesab edilən addımlar və xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin maliyyə əməliyyatları barədə hesabatların doldurulması, ötürülməsi və həmin hesabatlara düzəliş edilməsi qaydalarını izah edib.
Seminarda maliyyə institutlarının məsul şəxslərinin sualları cavablandırılıb və təklifləri dinlənilib.