Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.
Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi.(AZƏRTAC)