Avropada qazın qiymətləri enerji böhranından əvvəlki səviyyəyə qayıdır

2023.06.01 09:58 (UTC+04:00)

Avropada mövsümlə əlaqədar tələbatın azalması, anbarlarda doluluq göstəricilərinin artması və elektrik enerjisi istehsalında təmiz enerji mənbələrinin payının çoxalması səbəbindən təbii qazın qiymətləri meqavat/saat üçün 25 avroya enib. Bu, 2021-ci ilin sentyabrından bəri ən aşağı göstəricidir.

Hollandiyadakı virtual təbii qaz ticarət məntəqəsi olan TTF-də iyun ayı üçün fyuçers müqaviləsi ilə təbii qaz müqaviləsindəki qiymətlər meqavat/saat üçün 24,5 avro səviyyəsində bağlanıb.

Epidemiyadan sonra tələblə təklif arasındkı tarazsızlıq, eləcə də Rusiya-Ukrayna müharibəsinə görə tədarük məhdudiyyətləri səbəbindən təbii qazın qiymətləri Avropada rekord həddə çatmışdı.

2021-ci il sentyabrın 27-də meqavat/saatı 24,5 avro olan qazın qiyməti epidemiyadan sonra 24 fevral 2022-ci ildə 61,6 avroya yüksəlmişdi. Davamlı yüksəliş trendində olan qiymətlər 2022-ci ilin avqustunda meqavat/saat üçün 300 avronu keçərək tarixin ən yüksək səviyyəsinə yüksəlmişdi.

Onu da qeyd edək ki, tələbin azalması və qaz anbarlarında doluluq səviyyəsinin yüksək olması sayəsində qazın qiymətinin hazırda 25 avrodan aşağı olduğuna baxmayaraq, Avropa bazarındakı qiymətlər hələ də 2016-2020-ci illər üçün orta göstəricidən yüksəkdir.