"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi olaraq, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən ciddi turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsi, BƏƏ-nin böyük turizm şirkətlərinin ölkəmizə dəvət edilməsi üçün ilkin addımlarımızı atacağıq”.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.
İndiyədək Azərbaycan və BƏƏ arasında viza rejiminin tətbiqinin turistlər üçün vaxt itkisinə səbəb olduğunu söyləyən G.Qəhrəmanov səyahətçilərin artıq bu problemlə üzləşməyəcəklərini, iki dövlət arasında viza rejiminin ləğvinin ölkəmizə gələn turistlərin sayında çox böyük artıma səbəb olacağını bildirib: “Son illərdə elektron vizaların alınması Azərbaycana turistlərin axınına gətirib çıxarıb. Vizaların ləğvi isə turistlər üçün yeni imkanlar açır. Yay aylarında hava isti olduğundan BƏƏ-yə səfər edən turistlərin sayı çox olmur. Amma oradan Azərbaycana gələn turistlərin sayının çox olacağı gözlənilir, çünki BƏƏ-nin turistləri əsas səfərlərini yay aylarında edirlər”.
BƏƏ-nin Azərbaycan turizmində top 5 istiqamətdən biri sayıldığını deyən G.Qəhrəmanovun sözlərinə görə, bu istiqamət üzrə turlar 25 ilə yaxındır ki, müştərilər tərəfindən böyük maraqla qarşılanır. BƏƏ-yə gündə bir neçə dəfə birbaşa uçuşların olması turistlərin buraya rahat səfər etməsinə imkan verir: “Biz bu istiqamətə böyük önəm veririk. BƏƏ istiqaməti üzrə ticarət turizmi üstünlüyünü qoruyub saxlayır. Düşünürəm ki, bu istiqamət üzrə reyslərin sayında artım ola bilər”.
Pandemiyadan sonra turizm sahəsində canlanmanın müşahidə edildiyini qeyd edən G.Qəhrəmanov əlavə edib ki, Azərbaycan, demək olar ki, hər ay xarici ölkələrdə öz turizm imkanlarını nümayiş etdirir: “Apreldə Dubayda keçirilən turizm sərgisində Azərbaycan böyük stendlə iştirak etmiş və turizm potensialını nümayiş etdirmişdi. Hazırda Azərbaycanın turizm şirkətləri ərəb ölkələrinə səfərlər üçün birbaşa reyslərdə yerlərin alınması, turpaketlərin formalaşdırılması, onların daha qənaətli büdcə ilə xarici tərəfdaşlara təqdim edilməsi üçün iş aparırlar”.
İlhamə İSABALAYEVA