“2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”.
Bu barədə millət vəkili Vüqar Bayramov bildirib. O əlavə edib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur: “2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək”.
V.Bayramovun sözlərinə görə, müdafiə qabiliyyəti və milli təhlükəsizliyin daha da gücləndirilməsi üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.
Digər zəruri xərclər üçün isə 973,4 milyon manat nəzərdə tutulur: “Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərinin maliyyə təminatı daxildir”.