Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

2019.06.03 15:38 (UTC+04:00)

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Vergilər Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün tədbirlər keçirilib. Tədbirlər çərçivəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna və "Binə Atçılıq Mərkəzi"nə ekskursiya təşkil olunub.
Bakının bir neçə internat məktəbinin şagirdləri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar və onlara buradakı eksponatlar barədə məlumat verilib. Məktəblilər “Atəşgah məbədi”nin tarixi, tarix boyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri, Azərbaycanda qədim dini etiqadlar haqqında faydalı biliklər əldə ediblər. Daha sonra “Binə Atçılıq Mərkəzi”nə gəzinti təşkil olunub. Məktəblilər burada şən və yaddaqalan vaxt keçiriblər, şam yeməyində iştirak ediblər. Eyni zamanda, uşaqlar populyar müğənni Miri Yusifin Bakıda keçirilən konsertinə Vergilər Nazirliyi tərəfindən dəvət alıblar.
Vergilər Nazirliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilmiş tədbirlər çərçivəsində internat məktəbinə sosial dəstək göstərilib.
Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Tədbirin təşkil olunmasında məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.