Rusiyada kiçik və orta müəssisələrin bağlanmasının sadələşdirilməsi haqqında qanun qəbul edilib

2023.05.30 09:56 (UTC+04:00)

2023-cü il iyulun 1-dən Rusiya Federasiyasında müəssisənin öz təsisçilərinin qərarı ilə bağlanması proseduru sadələşdiriləcək. Artıq bu barədə qanun Dövlət Duması tərəfindən üçüncü oxunuşda qəbul edilib.

Yeni qaydalara əsasən, MMC-nin sadələşdirilmiş qaydada ləğvi bir neçə şərt yerinə yetirildiyi təqdirdə mümkün olacaq. Bunun üçün müəssisə kiçik və orta sahibkarlıq subyektlərinin reyestrində qeydiyyatdan keçməli, ƏDV ödəyicisi olmamalı və ya bu vergini ödəməkdən azad edilməli, kreditorlara, işçilərə borcları və ödənilməmiş icbari ödənişləri olmamalıdır. Bundan əlavə, bağlanması üçün MMC ləğvetmə, yenidən təşkil, müflisləşmə, nizamnamə kapitalının azaldılması prosesində olmamalı, eləcə də mülkiyyətində daşınmaz əmlak və ya nəqliyyat vasitələri olmamalıdır.

Hər hansı bir müəssisəni HŞVDR-dən (Hüquqi Şəxslərin Vahid Dövlət Reyestri) çıxarmaq üçün təsisçilər (iştirakçılar) fəaliyyətin dayandırılması barədə Federal Vergi Xidməti tərəfindən təsdiqlənmiş ərizə forması doldurmalıdırlar. Ərizə kağız üzərində və ya onlayn şəkildə təqdim edilə bilər. Kağız üzərində verilən ərizədə təsisçilərin notariat qaydasında təsdiq edilmiş imzaları olmalıdır. Elektron ərizə isə ərizəçilərin təkmilləşdirilmiş elektron imzaları ilə imzalanmalıdır.

Ərizəni aldıqdan sonra vergi müfəttişliyi beş iş günü ərzində müəssisənin HŞVDR-dən çıxarılması barədə qərar qəbul edəcək. Bu qərar Dövlət Qeydiyyatı Bülletenində dərc edilməli və internetdə yerləşdirilməlidir. Əgər üç ay ərzində təsisçilər ərizələrini geri götürməzlərsə və kreditorlardan tələblər almazlarsa, şirkət HŞVDR-dən çıxarılacaq.