Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev məktuba görə minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edildi.
Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulandı.
Söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu.
AZƏRTAC