Problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanının icrası uğurla başa çatdırılıb

2019.06.03 14:19 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası uğurla başa çatdırılıb. Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə açıqlamasında bildirilib ki, 2019-cu il mayın 31-i tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər edilib ki, bu da cəmi ayrılan məbləğin 91,4 faizini təşkil edir.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) 27,5 min nəfər kompensasiyaların alınması üçün müraciət etməyib. Onların 20,5 minə yaxını lisenziyası ləğv edilən bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31 may 2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir. Palatada yaradılan Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.

Ödənişlərin həyata keçirilməsi üçün Maliyyə Nazirliyi 6 tranş vasitəsilə 600,1 milyon manat məbləğində vəsait ayırıb. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib. 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanan 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinib və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses bu ilin sonunadək davam edəcək.