Nağdsız ödənişlə mənzil alarkən ƏDV hansı halda geri qaytarılır?

2023.05.26 09:52 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.

Sorğuda qeyd olunan mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Qeyd edilib ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim olunması ƏDV-yə cəlb olunmur və notariuslar tərəfindən alğı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı və 218-ci maddələri və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı