Sabirabad Sənaye Məhəlləsinin rezidenti olan “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi orqanik və orqanomineral gübrələr gələn ilin əvvəlindən başlayaraq xarici ölkələrə ixrac edilə bilər.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Etibar Ağalar deyib.
Onun sözlərinə görə, hazırda Misir, İsveçrə, Baltikyanı ölkələr, Qazaxıstan və Yəmənə məhsul ixracı üçün işlər aparılır. İlk ixrac ölkəsinin Qazaxıstan olacağı gözlənilir.
Artıq adıçəkilən ölkələr idxal etmək istədikləri məhsullardan analiz üçün nümunə də istəyiblər: “Xarici bazarda, demək olar ki, bütün məhsullarımıza tələbat var. Ancaq əsas tələbat orqanik və orqanomineral gübrələrədir. İsçevrə Azərbaycandan orqanik gübrə almaq istəyir. Baltikyanı ölkələr orqanik və orqanomineral gübrələr idxal etmək niyyətindədir. Yəmən isə kataloqumuzdakı bütün məhsullarımızın satışı uçun distribütor olmaq istəyir”.
E.Ağalar qeyd edib ki, Baltikyanı ölkələrlə distribütorluq fəaliyyətinin təşkili üzrə müqavilə imzalanıb. Özbəkistan, Yəmən və Serbiya ilə isə distribütorluq fəaliyyəti üzrə danışıqlar davam edir.
Şirkət təsisçisi istehsalı genişləndirmək niyyətində olduqlarını, bunun üçün xaricdən yeni avadanlıqlar sifariş etdiklərini söyləyib. Onun sözlərinə görə, tərkibi daha da zənginləşdirilmiş NPK gübrəsinin istehsalı nəzərdə tutulur.