Servitut: özgəsinə məxsus torpaqdan istifadə imkanı

2023.05.24 13:43 (UTC+04:00)

Vətəndaşlar mülkiyyətlərində olan torpaq sahələrinə giriş-çıxış yolu kimi, o cümlədən müxtəlif kommunikasiya xətlərinin, boruların çəkilməsi məqsədilə digər şəxslərə məxsus torpaqlardan hər hansı hüquqi əsas (servitut müqaviləsi) olmadan istifadə edir. Bu isə tərəflər arasında mübahisələrə yol açır.

Mülki Məcəllənin 255-ci maddəsində nəzərdə tutulmuş servitut anlayışı vətəndaşların bu probleminin qanunvericiliyə uyğun olaraq həllində əsas vasitədir. Belə ki, servitut müqaviləsinə əsasən vətəndaş özünə məxsus torpaq sahəsinin bir hissəsindən başqa şəxsə piyada və avtomobil keçidinə, elektrik, rabitə xətlərinin, boru kəmərlərinin, su təchizatı üçün kanal (arx) çəkilişinə və digər bu kimi ehtiyaclarının təmin edilməsinə dair icazə verir.

Servitut hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və tərəflərin birlikdə istifadə etdiyi hissə servitut verənin mülkiyyətində qalır. Yəni daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmçinin, müqavilə əsasında mülkiyyətçi ilə yanaşı digər şəxsin də hüquqları qorunur. Belə ki, servitutla yüklü edilmiş torpaq sahəsi satılsa və hüquqlar başqa şəxsə keçsə belə, servitut saxlanılır.

Qeyd edək ki, notariat qaydada təsdiqlənən müqavilədə servitutla yüklü olan daşınmaz əmlakın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş şəxslərdən sahədən istifadə üçün müəyyən haqq nəzərdə tuta bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir.

Servitutun dövlət qeydiyyatı üçün müraciət və sənədlərin qəbulu elektron şəkildə həyata keçirilir. Belə ki, istifadəçilər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlər portalına (e-emlak.gov.az) daxil olaraq müvafiq xidməti seçməklə özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə müraciət edə bilərlər.

Elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrinə də müraciət edə bilərlər.