Lev Eppelbaum: “Azərbaycan-İsrail əlaqələrinin perspektivinə çox nikbin baxıram” MÜSAHİBƏ

2023.05.24 12:22 (UTC+04:00)

- Cənab Eppelbaum, Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan-İsrail iqtisadi əlaqələri çox yüksək səviyyədədir və yüksəliş davam edir. Azərbaycanın hasil etdiyi xam neftin mühüm hissəsini İsrailə ixrac etməsi heç kimə sirr deyil. İsrailin Azərbaycana qabaqcıl hərbi texnika modelləri satması da əməkdaşlıqda əhəmiyyətli rol oynayır. Amma bunlar iki ölkə arasında çoxtərəfli iqtisadi əlaqələrin yalnız nəzərə çarpan komponentləridir.

- Hansı sektorları əməkdaşlıq üçün prioritet hesab etmək olar?

- İsrail Azərbaycana ən müasir siqnal sistemləri, kənd təsərrüfatı torpaqlarının suvarılması üçün innovativ avadanlıqlar, dövlətin informasiya sisteminin yaradılması üçün vəsaitlər verir. Bundan əlavə, su ehtiyatlarının dəqiq hesablanması üçün metodologiya və vasitələrin ötürülməsi barədə danışmaq olar.

Azərbaycanın İsraildə səfirliyinin açılması biznesin, mədəni və
elmi fəaliyyətin sürətli inkişafı üçün təkanverici rol oynayır

Azərbaycan İsrailə kənd təsərrüfatı məhsulları tədarük edir. Azərbaycanın bəzi işgüzar dairələri İsrail şelfində neft və qaz yataqlarının axtarışına maraq göstərirlər. Nəhayət, ölkələrimiz kosmosun birgə tədqiqi üçün bir araya gəlirlər. Statistika göstərir ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2022-ci ildə 85 faiz artıb.

- Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələr arasında iqtisadi əlaqələrin inkişafında özünü necə göstərir?

- Təbii ki, Azərbaycanın İsraildə səfirliyinin açılması biznesin, mədəni və elmi fəaliyyətin sürətli inkişafı üçün təkanverici rol oynayır. Muxtar Məmmədovun rəhbərlik etdiyi səfirlik artıq bir sıra maraqlı görüşlər təşkil edib. Görüşlər zamanı ölkənin nailiyyətləri izah olunub, maraqlı insanlarla bir araya gəlmək və onlarla bir sıra problemləri müzakirə etmək imkanı yaradılıb. Əminəm ki, bu cür tədbirlər israillilərin Azərbaycanı daha yaxından kəşf edə bilməsində müsbət rol oynayacaq.

- İsrail innovasiyaların tətbiqi və startapların inkişafı sahəsində zəngin təcrübəyə malikdir. Bu təcrübənin Azərbaycana gətirilməsi istiqamətində əməkdaşlığı necə görürsünüz?

- Əhali nisbətinə düşən startapların sayına görə İsrail dünyada birinci yerdədir. Təbii ki, onların heç də hamısı zamanla sona qədər ayaqlaşa bilmir. Bir sıra ideya və təkliflər zamanın və təcrübənin sınağından keçmir.

Əhali nisbətinə düşən startapların sayına görə İsrail dünyada birinci yerdədir

Azərbaycanlı alimlərlə ünsiyyətim göstərir ki, bu ölkənin mütəxəssislərinin müstəqil startaplar təşkil edə bilmək üçün yetərincə elmi səviyyəsi var. Bununla belə, lazımi uzunmüddətli maliyyə vəsaitinin olmaması, bəzən ingilis dilini kifayət qədər bilməmək, dünya miqyasında elmi məlumat bazalarına natamam çıxış və öz nailiyyətlərini effektiv təqdim etməkdə çətinliklər kimi amillər onlara mane olur. Belə düşünürəm ki, mütəxəssislər ZOOM platforması üzərindən ünsiyyət quraraq birgə Azərbaycan-İsrail startapları təşkil edə biləcəklər.

- Ölkələrin mövcud potensialını reallaşdırmaq üçün hansı addımlar atıla bilər?

- İlk növbədə orta və ali təhsilin səviyyəsini yüksəltmək lazımdır. Bu vəzifə indi təkcə Azərbaycanda deyil, bütün dünyada aktualdır. Ümumiyyətlə, Azərbaycan-İsrail əlaqələrinin iqtisadiyyat, elm, mədəniyyət və idman sahələrində inkişafının perspektivlərinə çox nikbin baxıram.

Tamilla MƏMMƏDOVA