“Apple” şirkətinin vergidən yayınması ilə bağlı iddiaya Avropa Ədalət Məhkəməsində baxılır

2023.05.25 12:04 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Komissiyası “Apple” şirkətinə qarşı irəli sürdüyü 13 milyard avrodan çox vergi borcunu ləğv edən məhkəmə qərarı ilə bağlı apelyasiya şikayəti verib. İndi mübahisəyə Avropa Ədalət Məhkəməsində baxılır.

Baş ofisi Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi Aİ-nin ən yüksək məhkəmə instansiyası sayılır.

“Apple” şirkətinin İrlandiyaya 13 milyard avrodan artıq vergini ödəyib-ödəməyəcəyi barədə son qərarı Avropa Ədalət Məhkəməsi verəcək.

Qeyd edək ki, Aİ Komissiyası 2016-cı ildə ABŞ-nin “Apple” şirkətinin Avropadakı fəaliyyəti üçün İrlandiyada yaradılmış törəmə şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı 3 illik araşdırmasını başa çatdırmışdı. Aİ Komissiyası şirkətin İrlandiyada tətbiq olunan vergi güzəştlərindən istifadə etməsinin Aİ-nin qaydalarına zidd olduğu və 2003-2014-cü illər üçün 13 milyard avro vergi və faiz ödəməli olduğu barədə qərar vermisdi.

“Apple” Aİ-ni birtərəfli hərəkət etməkdə və İrlandiyanın vergi qanunlarını keçmiş tarixə tətbiq etməkdə günahlandıraraq Aİ Komissiyanın qərarına qarşı məhkəmə prosesi başlatmışdı. Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Aİ Ali Məhkəməsi Aİ Komissiyasının 2020-ci ildə İrlandiyada vergitutma ilə bağlı qərarını “Apple” şirkətinin xeyrinə ləğv etmişdi. Məhkəmənin mövqeyinə əsasən, “Apple” şirkətinin İrlandiya qanunlarından sui-istifadə edərək iqtisadi fayda təmin etdiyinə dair Aİ Komissiyasının qərarı kifayət qədər əsaslandırılmamışdır.

Aİ Komissiyasının açıqlamasında bildirilir ki, Ali Məhkəmənin qərarında hüquqi səhvlərə yol verilib, cərimələrin təyin edilməsi barədə Komissiyanın qərarının səbəbləri yetərincə qiymətləndirilməyib və ziddiyyətli məntiqə əsaslanılıb.