Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən, bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Bununla yanaşı, Vergi Məcəlləsinin məqsədləri üçün istifadə olunan anlayışlar həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuşdur.
Belə ki, Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
Vergi Məcəlləsinin 13.2.3-cü maddəsinə əsasən fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsdir.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin XIX fəslinin müddəaları işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan xarici hüquqi və fiziki şəxslərə də şamil olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 226-cı maddələri.