Rəqəmsallaşma dünya iqtisadiyyatı üçün yeni imkanlar vəd edir, biznesin daha çevik reallaşdırılmasına və iqtisadi artımın sürətlə baş verməsinə şərait yaradır. Bu səbəbdən özü ilə müsbət nəticələr gətirən iqtisadiyyatın rəqəmsallaşması bir çox ölkələr, o cümlədən Azərbaycanın qarşısında dayanan ən əsas məqsədlərdən biridir.
Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı suallarımızı “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov cavablandırır.
- Ayxan müəllim, rəqəmsallaşmanın ölkənin iqtisadi inkişafındakı rolunu necə qiymətləndirmək olar?
- İqtisadiyyatda rəqəmsal imkanların daha da genişləndirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Son illər bu sahədə görülən işlərin nəticəsi olaraq bir çox sahələrdə ciddi irəliləyişlər müşahidə olunur. Hesab edirəm ki, rəqəmsallaşma vətəndaşların və KOB subyektlərinin maliyyə, təhsil, səhiyyə və digər sektorlar üzrə xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində prosesləri avtomatlaşdırmağa və əməliyyat xərclərini minimuma endirməyə imkan verir.
Rəqəmsallaşma innovasiyalara yol açır,
yeni məhsul və xidmətlərin yaradılmasına təkan verir.
Bu da öz növbəsində səmərəliliyi və məhsuldarlığı artırır, iqtisadiyyatın böyüməsini, həmçinin yeni biznes modellərinin, startapların və texnoloji inkişafın daha da genişlənməsini dəstəkləyir. Rəqəmsallaşma təkcə iqtisadiyyatın inkişafına töhfə vermir, həm də ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sıradadır. Bu da ölkədə rəqəmsallaşma sahəsində görülən işlərin müsbət nəticə verdiyini deməyə imkan verir.
- Son illər ərzində ölkəmizə iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı hansı yeni trendlər gətirilib?
- Azərbaycanda ticarət əməliyyatlarının sürətlə rəqəmsallaşması özü ilə yeni tendensiyalar və imkanlar gətirir. Rəqəmsallaşmadan ən çox təsirlənən sektorlardan biri də elektron ticarət sahəsidir.
Ötən il ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların
sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə, həcmi isə 2.5 dəfə artıb.
Həmçinin, 2022-ci ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2021-ci illə müqayisədə 50% artıb. Vətəndaşların onlayn mağazalar və rəqəmsal ödəniş sistemlərinə olan marağı yeni biznes imkanlarının formalaşmasına da şərait yaradıb. Rəqəmsal platformaların yaranması xidmət sektorunda ciddi dəyişikliklərə yol acıb. Buna misal olaraq qida çatdırılması, onlayn taksi sifarişi və ya beynəlxalq poçt daşıma xidməti kimi yeni bizneslərin daha da artmasını vurğulaya bilərik. Müasir texnologiyalar istehlakçılar üçün rahatlıq və əlçatanlıq, eləcə də sahibkarlar üçün yeni imkanlar təmin edir. Statistik məlumatlar da rəqəmsal imkanlardan istifadənin sürətlə artdığını göstərir. Belə ki, 2022-ci ildə ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlər 2021-ci illə müqayisədə 11.4 faiz artaraq 43.2%-ə bərabər olub. Rəqəmsallaşma marketinq sahəsinə də təsirsiz ötüşməyib. Şirkətlər məhsul və xidmətlərini tanıtmaq üçün onlayn reklam, sosial media kimi rəqəmsal marketinq strategiyalarını getdikcə daha çox istifadə edirlər. Bu, onlara daha geniş auditoriyaya çatmağa və marketinq strategiyasının effektivliyini artırmağa imkan verir. Rəqəmsallaşma Azərbaycanın maliyyə sektoruna da yeni imkanlar gətirib. Belə ki, ödəniş sistemləri və ya investisiyaların yatırılması kimi rəqəmsal maliyyə xidmətləri təklif edən “fintech” startapların sayında da artım müşahidə olunur.
- Bu gün Azərbaycanda ticarət dövriyyəsinin, xüsusilə xarici ticarət dövriyyəsinin formalaşmasında elektron ticarətin rolu necədir?
- Azərbaycanda ticarət dövriyyəsinin, o cümlədən xarici ticarət dövriyyəsinin formalaşmasında elektron ticarət mühüm rol oynayır. Elektron ticarət müəssisələrə daxili bazarla yanaşı, həm də beynəlxalq bazarlara da çıxmağa şərait yaradır. Hazırda Azərbaycanda istehsal olunan məhsullar “Azexport.az” portalı vasitəsilə beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub. İnteqrasiyanın nəticəsi olaraq dünyanın müxtəlif ölkələrindən Azərbaycan məhsullarına ixrac sifarişləri daxil olur. Bu da ixrac coğrafiyasının genişlənməsinə müsbət təsir göstərir. Elektron ticarət əməliyyat xərclərini azaltmaqla yanaşı, məhsulların sifarişi, ödənişi, çatdırılması və izlənilməsi proseslərini avtomatlaşdıraraq ticarəti asanlaşdırır.
- Azərbaycanda e-ticarət daha çox hansı istiqamətlər üzrə inkişaf edib? Bunun səbəbləri nə ilə izah oluna bilər?
- Onlayn mağazalar geniş məhsul seçimi və müxtəlif məhsulların qiymətlərini və xüsusiyyətlərini müqayisə etmək imkanı təqdim edir. Burada tək məhsul yox, həm də mağazalar üzrə də müqayisəli təhlil aparmaqla qısa zamanda ən uyğun seçimi tapmaq imkanı mövcuddur.
Hesab edirəm ki, ölkəmizdə elektron ticarətin sürətli inkişafı pandemiya dövründən başladı. Kütləvi qapanmalar bizneslərin onlayn rejimə keçməsini zəruri etdi. Onlayn mağazaların saxlanma və əməliyyat xərcləri ənənəvi mağazalardan dəfələrlə aşağıdır. Buna misal olaraq, ənənəvi ticarətdə olan icarə, mühafizə, təmizlik və kommunal xərclərin onlayn mağazalarda olmadığını vurğulamaq yerinə düşər. Sadalanan xərclərdən azad olan sahibkar öz məhsullarını istehlakçılara daha münasib şərtlərlə təklif edə bilir. Bu da ölkəmizdə onlayn mağazaların sürətlə genişlənməsinə təkan verir.
Bununla yanaşı, rəqəmsallaşma xidmət sektoruna da təsirsiz ötüşməyib. Buna misal olaraq turizm sektorunu qeyd edə bilərik. Elektron ticarət turizm sənayesində yüksək səviyyədə inkişaf edib. Hotel, aviabilet və turlar üçün onlayn bronlaşdırma platformaları turistlərə öz səyahətlərini rahat şəkildə planlaşdırmağa imkan yaradır.
Rəqəmsal həllərin genişlənməsi ödəniş xidmətləri sahəsində də ciddi dəyişikliklərə yol acıb. Hazırda onlayn ödəniş sistemləri, mobil bank əlavələri və elektron pul kisələri geniş istifadə olunur. Statiskaya əsasən, ölkəmizdə 2022-ci ildə mobil bankçılıq əməliyyatlarının həcmi 2021-ci illə müqayisədə 3 dəfə artıb.
Hazırda sürətlə inkişaf edən sahələrdən biri də qida çatdırılması xidmətidir. Bir çox restoran xüsusi proqram təminatı və mobil əlavələr vasitəsilə qida çatdırılması xidməti təklif edir. Yaranan bu imkan istehlakçılar üçün əlverişli olmaqla yanaşı, iaşə sənayesində rəqabəti artırır və biznesin inkişafına təkan verir.
-Azərbaycanda e-ticarətin həcminin artması üçün hansı tədbirlər görülür və ya görülməsi nəzərdə tutulur?
-Hesab edirəm ki, müasir informasiya texnologiyalarının daha geniş tətbiqi, rəqəmsal maarifləndirməyə diqqətin artırılması, yüksəksürətli internetin əhatə dairəsinin genişləndirilməsi və elektron platformaların əlçatan olması sahənin inkişafı üçün prioritet istiqamətlərdir.
İxtisaslı kadrların yetişdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də işlər görülməkdədir. Ötən ildən etibarən Azərbaycanda ilk dəfə olaraq elektron ticarət ixtisası üzrə magistrantların yetişdirilməsinə start verilib. Bunu gələcəkdə sahə üzrə mütəxəssis çatışmazlığının qarşısını almaq üçün atılan ciddi addımlardan biri kimi hesab edə bilərik.
Hazırda sahibkarların və istehlakçıların rəqəmsal savadlılığını artırmaq,
rəqəmsal bacarıqları inkişaf etdirmək və elektron ticarət haqqında
təsəvvürləri genişləndirmək üçün kompleks tədbirlər həyata keçirilir.
Sahibkarlara, xüsusən də KOB subyektlərinə elektron ticarət sahəsində xüsusi dəstək göstərilir. Buna misal olaraq “Azexport.az” portalında yaradılmış imkanları sadalamaq olar. Portal sahibkarlara həm yerli, həm də xarici bazarlarda satış etmək imkanı təqdim edir. Portalda nümayiş etdirilən məhsullar “Amazon”, “Ebay”, “Alibaba” kimi 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunmaqla xarici bazarda əlçatan olur. Portal tərəfindən bu xidmətlər tam olaraq ödənişsiz və komissiyasız təqdim olunur.
İstər dünyada, istərsə də ölkəmizdə statistik məlumatlar və aparılan təhlillər onu göstərir ki, elektron ticarət ənənəvi ticarəti sürətlə üstələyir.
Zamanla geyim, aksesuar, gündəlik tələbat, elektronika sahəsi üzrə
fəaliyyət göstərən fiziki mağazalar anbarlara çevriləcək, satışların əhəmiyyətli
dərəcəsi onlayn olaraq həyata keçiriləcək.
Bu tendensiyanın artıq ilkin siqnalları var. Belə ki, iri topdansatış mağazaları müxtəlif onlayn qruplarda və sosial şəbəkələrdə satışlar həyata keçirir. Sifarişlər alıcılara kuryer vasitəsilə çatdırılır. Hələ ki, bu, böyük həcmdə deyil, lakin bu istiqamət sürətli inkişaf etməkdədir.
İlhamə İSABALAYEVA