Ənənəvi "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları təsdiq edilib.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, əmtəə nişanı məhsulun keyfiyyətinin təmin olunması şərti ilə istehsal və ixracının təmin edilməsi məqsədilə dövlət qeydiyyatına alınıb. Hazırda da bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Sözügedən şərabın istehsalı ilə məşğul olmaq istəyən müəssisələr qaydalara əsasən AZPROMO-ya müraciət etməlidirlər.
"Ağdam şərabı" əmtəə nişanının istifadə hüququnu almayan müəssisələrə bu şərabın istehsalına və qeyd olunan əmtəə nişanından istifadəsinə icazə verilmir. Qaydalara uyğun olaraq, müvafiq hüququn verilməsi ilə bağlı AZPROMO tərəfindən istehsalçılara dəstək göstəriləcək.
"Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları ilə qeyd olunan səhifədən tanış olmaq olar (https://publuu.com/flip-book/138433/361570/page/1).