Cari ildə Qazaxıstan müəssisələrinə bir sıra ölkələrdə qeyri-xammal biznesinin inkişafında dəstək veriləcək.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ixracatçılara dəstək proqramlarını Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə çıxış edərkən ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev təqdim edib.
Bildirilib ki, aparıcı proqramlardan biri də qeyri-xammal müəssisələrinin beynəlxalq bazarlara çıxmasına kömək edən akselerasiya proqramıdır. Bu il müxtəlif sənaye sahələrindən, o cümlədən qida, yüngül, kimya, maşınqayırma və xidmət sektorlarından 110 şirkətin seçilməsi planlaşdırılır.
Hədəf bazarlar Çin, Rusiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Vyetnam olacaq.
Bundan əlavə, proqram şirkətlərin biznes proseslərinin təkmilləşdirilməsi, habelə hədəf bazarlarda tərəfdaşların axtarışı üçün konkret Yol Xəritələrini nəzərdə tutur. Nazir müavini qeyd edib ki, akseleratorun dəstəyi sayəsində ötən il ümumi məbləği təxminən 260 milyon ABŞ dolları dəyərində 38 ixrac müqaviləsi bağlanıb. Bu il isə məhsulların Özbəkistan, Rusiya və Çinə tədarükü üçün müqavilələr imzalanıb. Ərzaq tədarükü ilə bağlı Cənubi Koreya ilə də danışıqlar aparılır.