- Elman müəllim, depozit portfellərindəki artımlar fonunda ölkəmizdə əmanətlərin sığortalanması hansı səviyyədədədir?
- Hazırkı qanunvericiliyə əsasən, hər hansı fiziki şəxsin bir bankdakı əmanətinin məbləği 100 min manata, yaxud xarici valyutada 100 min manat ekvivalentinə qədərdirsə, həmin vəsait sığortalanır. Manatla olan əmanətlərdə sığortalanma illik 12 faizə qədər qoyulan depozitlərə, xarici valyutada isə illik 2,5 faizə qədər qoyulan əmanətlərə aiddir. Məbləğindən asılı olmayaraq, faiz dərəcələri qeyd olunanlardan yüksək olduqda depozit qorunmur. Faizlərin dərəcəsi manatla olan əmanətlər üçün 12-dək, xarici valyutada olan əmanətlər üçün 2,5-dək olduqda isə, məbləği 100 min manatdan yuxarı olan əmanətlərin 100 min manatdan artıq hissəsi qorunmayan əmanətlərə aid edilir.
Hər hansı fiziki şəxsin bir bankdakı əmanətinin məbləği 100
min manata, yaxud xarici valyutada 100 min manat
ekvivalentinə qədərdirsə, həmin vəsait sığortalanır
- Əmanətlərin sığortalanması üçün bank müştəridən xidmət haqqı tələb edirmi?
- Qətiyyən yox. Ümumiyyətlə, əmanətlərin sığortalanması hər bir dövlətin qəbul etdiyi strategiya əsasında həyata keçirilir. Əmanətlərin sığortalanması üçün müəyyən edilən məbləğlər müxtəlif dövlətlərdə müxtəlif cürdür. Məsələn, Amerika Birləşmiş Ştatlarında 250 min dollara qədər olan vəsaitlər sığortalanır. Dünyanın əksər ölkələrində depozitlərin sığortalanması limitsiz həyata keçirilmir. Bu, dövlət, eləcə də vətəndaşlar üçün çox böyük yük deməkdir. Çünki hər hansı bank batdıqda dövlət depozitlərə görə pulları haradan ödəyir? Əlbəttə ki, büdcədən. Həmin büdcə haradan formalaşır? Vergi ödəyicilərindən. Vergi ödəyiciləri bəzi hallarda ödədikləri vergilərin bank depozitlərinə yönəldilməsinə etiraz edirlər. Ona görə də dünyada bütün depozitlərin sığortalanması təcrübəsi çox azdır. Bu yola istisna hallarda əl atılır. Məsələn, ölkəmiz 2015-2016-cı illərdə devalvasiya zamanı bu üsuldan istifadə elədi. Ölkə prezidenti depozitlərin hamısının sığortalanması ilə bağlı fərman imzaladı, həmin fərmanın müddəti daha sonra bir neçə dəfə uzadıldı.
Bunun sayəsində Azərbaycan təcrübəsində qoruma altında olub müştəriyə geri ödənilməyən əmanət olmadı.
- Azərbaycanda depozitlərin qorunması üçün müəyyən edilən şərtlər beynəlxalq normalara uyğundurmu?
- Bu məsələdə beynəlxalq norma deyilən bir şey yoxdur. Əmanət yığımının çox böyük olduğu dövlət deyə bilər ki, məsələn, 50 min dollara qədər olan depozitləri sığortalayıram. Elə dövlət də ola bilər ki, iqtisadiyyatın böyüməsi üçün çoxlu kredit, investisiya lazım olduğuna görə vəsait cəlb etmək üçün daha böyük məbləğdə əmanətləri qorusun. Yəni burada hər hansı bir normativ hədd yoxdur. Hər bir dövlətin bu sahədə atdığı addım onun strategiyasından və mövcud iqtisadi vəziyyətindən asılıdır.
Əmanətlərin sığortalanması hər bir dövlətin
qəbul etdiyi strategiya əsasında həyata keçirilir
- Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabına qoyulan vəsaitlərin qorunması hansı səviyydədədir?
- Hazırda bu cür əmanətlərin 20 min manata qədər olan hissəsi sığortalanır. Bundan əlavə, notariusun depozit hesabına mədaxil edilmiş vəsaitlər olur. Məsələn, tutaq ki, hər hansı bankda notariusun hesabı var. Kimsə evini satır, satış üçün notariusda hesab açır. Həmin bank bağlananda o notariusda fiziki şəxslərin hesablarında olan vəsaitlər 100 faiz həcmində müştəriyə geri ödənilir. Ümumiyyətlə, bundan əvvəl bağlanan banklardakı vəsaitlərin, depozitlərin, demək olar ki, hamısı geri ödənilib...
İlhamə İSABALAYEVA