Vergitutma ekonomiksi və süni intellektin tətbiqi MƏQALƏ

2023.05.19 10:46 (UTC+04:00)

Sənaye inqilabları

Qloballaşan müasir dünya iqtisadiyyatında dördüncü sənaye inqilabı bəşər cəmiyyətinin inkişafı tarixində yeni, əvvəlki dövrlərdən fərqli mərhələnin başlanğıcının əsasını qoydu. Əgər buxar enerjisinin genişmiqyaslı tətbiqindən sonra başlanan birinci sənaye inqilabı dünya ölkələrinin bir çoxunun aqrar ölkədən sənaye ölkəsinə keçməsinə, dəmir yolunun yaranmasına, dövlətlərarası iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə; elektrikləşdirmə ilə başlayan ikinci sənaye inqilabı istehsalın sürətlə artmasına, əhalinin həyat tərzinin dəyişməsinə, maddi rifahın yüksəlməsinə; telekommunikasiya, informasiya və mobil texnologiyaların tətbiqi ilə başlayan üçüncü sənaye inqilabı dünya iqtisadiyyatının qloballaşmasına, sosial şəbəkələrin yaranmasına, tranzaksiya əməliyyatlarının genişlənməsinə səbəb oldusa, dördüncü sənaye inqilabı artıq bioloji sistemlərlə fiziki sistemlər arasında fərqlərin azalmasına, düşünmə qabiliyyətinə malik süni intellektlərin yaranmasına gətirib çıxardı.

Birinci sənaye inqilabı - XVII-XVIII əsrlər (buxar enerjisi, dəmir yolu, mexanikləşdirmə, toxuculuq və s.); ikinci sənaye inqilabı – XIX əsr (kütləvi istehsal, elektrik enerjisi və s.); üçüncü sənaye inqilabı - XX əsr (hesablama texnikası, avtomatlaşma, kompüterlər, mobil texnologiyalar, internet və s.); dördüncü sənaye inqilabı - XXI əsr - cari dövr (süni intellekt, robotlaşma, kiberfiziki sistemlər və s).
Hər bir sənaye inqilabı böyük inqilabi kəşflər əsasında baş verib. Bu nəhəng sənaye inqilabları C.Vatt, R.Fulton, R.Dizel, Nikola Tesla, Tomas Edison, H.Ford, M.Maksvel, M.Faradey, A.Amper, Alan Tyurinq, Fon Neyman, Bob Xan, Lütfi Zadə və digər bəşər tarixini dəyişən alimlərin kəşfləri nəticəsində mümkün olub.

Vergitutma ekonomiksinin əsas mahiyyəti vergi sisteminin ədalətli və
sadə, vergi ödəyiciləri üçün anlaşılan şəkildə dizayn edilməsidir

Vergitutma ekonomiksi

Son dövrlərdə - xüsusilə informasiya texnologiyalarının inkişafı nəticəsində -iqtisadi qloballaşma dövlət sektorunun iqtisadi proseslərin tənzimlənməsində rolunu artırıb. Artıq bu sahədə ekonomiks elmi geniş vüsət alıb və sürətlə inkişaf etməkdədir. Vergi daxilolmaları dövlət büdcəsinin əsas maliyyə mənbələridir. Vergitutma ekonomiksinin əsas mahiyyəti vergi sisteminin ədalətli və sadə, vergi ödəyiciləri üçün anlaşılan şəkildə dizayn edilməsidir. Azərbaycanda istər nəzəri, istərsə də praktiki tətbiq məsələlərində vergitutma ekonomiksi termini işlədilməsə də, beynəlxalq aləmdə bu termin geniş istifadə olunur (Economics of taxation). Məhz dördüncü sənaye inqilabı dövründə vergi sisteminin formalaşmasının dinamik xarakter daşıması, iqtisadi sistemlərdə baş verən dəyişikliklərə uyğunlaşması, məhdud vergi orqanı resurslarının optimal paylanması zərurətini nəzərə alaraq, bu terminin işlədilməsinin daha doğru olduğunu hesab edirik.

Elektron xidmətlər və süni intellekt

Sənaye inqilabları istehsal proseslərinin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etməklə yanaşı, dövlət tərəfindən həyata keçirilən tənzimləmə mexanizmləri qarşısında əlavə imkanlar yaratdı. Lakin sənaye inqilablarının nailiyyətlərindən bütün ölkələr eyni şəkildə yararlana bilmirlər. Bu isə öz növbəsində ölkələrin iqtisadi inkişaf səviyyələrində böyük diferensasiyalar yaradır. Bu hal dördüncü sənaye inqilabına da aiddir. Onun imkanlarından istifadə edən ölkələr daha da inkişaf edəcək və bu fərqlər artacaqdır. Ölkələrin sosial-iqtisadi inkişafındakı fərqlər və onu yaradan səbəblər ayrıca mövzu olduğuna görə, biz bu məqalədə həmin məsələlərə toxunmayacağıq. Bu imkanlar dövlət tərəfindən əhaliyə göstərilən xidmətləri, iqtisadi stimullaşdırma mexanizmlərini, informasiya mübadiləsi və digər sahələri əhatə edir.

Hal-hazırda beynəlxalq aləmdə, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə
süni intellekt texnologiyalarının istifadə edildiyi sahələrdən biri məhz vergi sistemidir

Hal-hazırda beynəlxalq aləmdə, xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə süni intellekt texnologiyalarının istifadə edildiyi sahələrdən biri məhz vergi sistemidir. İnformasiya texnologiyalarının inkişafı və onların tətbiqi nəticəsində son 15 il ərzində Azərbaycanın vergi sisteminin inkişafında, vergi ödəyicilərinə göstərilən elektron vergi xidmətlərinin keyfiyyətinin artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilib. Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göstərilən elektron vergi xidmətlərinin sayı 60-dan çoxdur. Əlbəttə, qısa bir müddət ərzində bu nailiyyətlərin əldə olunması sevindirici haldır. Ölkədə elektron vergi xidmətlərinin spektri çox genişdir. Biz 15-20 il əvvəl elektron xidmətlərin qısa bir müddət ərzində bu şəkildə inkişafını proqnozlaşdırmağı belə, təsəvvür edə bilməzdik...

Elm və texnologiyalar artıq insanların düşüncə tərzinə, qərarvermə prosesinə ciddi təsir göstərir. Bu, üçüncü sənaye inqilabında müşahidə edilən haldır. Dördüncü sənaye inqilabı isə üçüncü sənaye inqilabından fərqlidir. Bu, hətta birinci və ikinci sənaye inqilabları arasında olan fərqdən də çoxdur. Bəs insan cəmiyyətini gələcəkdə nə gözləyir, süni intellektin tətbiqinin nəticələri nədən ibarət olacaqdır? Əlbəttə, bunu indidən demək çətindir və bununla bağlı dünya alimləri tərəfindən qəbul edilmiş vahid bir konsensus mövcud deyildir. Dordüncü sənaye inqilabından sonra bir çox mütəxəssislər insan cəmiyyətinin “Həyat 3.0” formulu ətrafında cəmləşdiyini bildirirlər. Məşhur İsveç fiziki Tegmarkın tədqiqatlarından sonra yaranmış “Həyat 3.0” insan cəmiyyətinin süni intellekt erasında fəaliyyəti kimi başa düşülür. Bu erada, - istəsək də, istəməsək də, - bir çox ixtisaslar sıradan çıxacaq, yeni ixtisaslar meydana gələcək və bu baxımdan, vergi sistemində göstərilən xidmətlərdə də yeni keyfiyyət dəyişiklikləri baş verəcəkdir. Sübhəsiz ki, iqtisadiyyatda, texnologiyalarda baş verən dəyişikliklər birbaşa olaraq vergi sisteminə də təsir göstərir. Məsələn, inkişaf etmiş ölkələrdə iqtisadiyyatın bir şox sektorlarında, xüsusilə xidmət sahələrində süni intellektə malik robotlardan geniş şəkildə istifadə olunmağa başlanılıb. Bununla da işçilərin ixtisarı nəticəsində gəlir vergisində azalmalar müşahidə edilir. Düşünmə qabiliyyətinə malik olmasına baxmayaraq, robotların gəlir vergisinə cəlb edilməsi indiki halda mümkün deyil. Buna baxmayaraq, bəzi vergi administrasiyaları onların vergiyə cəlb olunması ilə bağlı müxtəlif araşdırmalar aparırlar.

Bəzi alimlər qeyd edirlər ki, artıq cəmiyyət üçün yeni istirahət
erası başlayır və insanların yerinə robotlar çalışacaqlar.
Bəs bu proses vergi daxilolmalarına necə təsir göstərəcək?

Artıq süni intellekt erasında vergi sahəsində ixtisaslaşan beynəlxalq vergi təşkilatları (OECD, IOTA), eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər təşkilatlar “Vergitutmanın gələcəyi” (The future of taxation) mövzusunda seminarlar, elmi simpoziumlar və müxtəlif xarakterli tədbirlər həyata keçirirlər. Bir çox vergi administrasiyaları hətta təşviş içində vergi qanunvericiliyinin yeni biznes mühitinə necə uyğunlaşacağı baxımından narahatlıq keçirirlər. Bəzi alimlər qeyd edirlər ki, artıq cəmiyyət üçün yeni istirahət erası başlayır və insanların yerinə robotlar çalışacaqlar. Bəs bu proses vergi daxilolmalarına necə təsir göstərəcək? İnsanların istirahəti üçün (leisure society) maliyyə resursları hansı mənbələr hesabına formalaşacaq? İlk öncə, vergi sistemində süni intellektin tətbiqindən danışmazdan əvvəl onun ənənəvi informasiya texnologiyalarından hansı fərqli xüsusiyyətlərinin olduğunu dərk etmək lazımdır. Süni intellekt elə bir qurğudur ki, o, ətraf mühiti (mövcud institusional mühit, formal və ya qeyri-formal normalar) dərk edir və vəziyyətdən asılı olaraq, düzgün qərar qəbul edir və insanaoxşar şəkildə fəaliyyət göstərir. Lakin bunu insana nisbətən yüz dəfələrlə sürətlə edir və heç bir səhv buraxmır. Bax, bu keyfiyyətinə görə artıq süni intellektlər bir çox vergi administrasiyalarında (ABŞ, Kanada, Fransa, İsveç və s.) vergi potensialının müəyyən edilməsində, vergi proqnozlarının hazırlanmasında, vergi risklərinin qiymətləndirilməsində və digər sahələrdə müvəffəqiyyətlə tətbiq olunur. Artıq riyazi-iqtisadi modellər və onun həlli sahəsində mövcud alqoritmlər dəyişdirilərək süni intellekt vasitəsilə daha dəqiq şəkildə həyata keçirilir. Müasir süni intellektlər görmək, hiss etmək, danışmaq, eşitmək, düşünmək, iy bilmək qabiliyyətinə malikdirlər, sərbəst və eyni zamanda insanla birlikdə fəaliyyət göstərə bilirlər, insanlara qərar verməkdə kömək edirlər, tranzaksiya və koqnitiv xərclərə qənaət edir, ən başlıcası isə bunu sürətlə həyata keçirirlər.

Bəs digər sahələrdən fərqli olaraq, süni intellektlərin vergi sistemində tətbiqi niyə daha əhəmiyyətlidir? Bunun bir necə səbəbləri mövcuddur:

- Vergi qanunvericiliyi kifayət qədər mürəkkəb olmaqla yanaşı, çoxlu sayda və müxtəlif xarakterli normativ hüquqi aktları özündə cəmləşdirir;

- Biznes mühitinin dəyişməsi, yeni texnologiyaların tətbiqi vergi qanunvericiliyinə təsir etdiyindən müvafiq dəyişikliklərə məruz qalır, bu isə son nəticədə vergi ödəyicilərinin maddi və koqnitiv xərclərinin artmasına gətirib çıxarır;

- Vergi sistemində böyük həcmli informasiyaların təhlil edilməsi tələb olunur və onların dinamik şəkildə dəyişməsi qərarvermə prosesinə təsir göstərir;

- Vergi öhdəlikləri üzrə vergi auditi zamanı buraxılan səhvlər vergi gəlirlərinə təsir göstərir;

- Vergi orqanlarında çalışan əməkdaşların sayının məhdud olmasına baxmayaraq, vergi ödəyicilərinin və vergitutma obyektlərinin sayı sürətlə artır və s.

Aparılan çoxsaylı tədqiqatlar sübut edir ki, inkişaf etmiş ölkələrin vergi
administrasiyalarının əməkdaşları gündəlik iş vaxtının 40-70%-ni
informasiyaların toplanmasına, onun emalına və təhlilinə sərf edirlər

Əlbəttə, bu sıralamanı daha da genişləndirmək olardı. Aparılan çoxsaylı tədqiqatlar sübut edir ki, inkişaf etmiş ölkələrin vergi administrasiyalarının əməkdaşları gündəlik iş vaxtının 40-70%-ni informasiyaların toplanmasına, onun emalına və təhlilinə sərf edirlər. Halbuki süni intellekt bunu informasiya bazası daxil edildikdən sonra çox qısa müddətdə yekunlaşdıra bilir. Bütün bunlar vergi sistemində süni intellektin imkanlarından istifadəni zəruri edir. Onu da qeyd etmək lazımdır ki, artıq ənənəvi informasiya texnologiyaları süni intellektlə müqayisədə xeyli geri qalır.

Süni intellekt 2020-ci ildən başlayaraq bir çox ölkələrdə (İsveç, Fransa, Sinqapur, Hindistan və s.) müvəffəqiyyətlə tətbiq edilir. İsveç vergi administrasiyasının məlumatlarına əsasən, süni intellekt texnologiyalarının tətbiqi nəticəsində biznesin qeydiyyatı və vergi risklərinin qiymətləndirilməsi prosesində çəkilən xərclərə 16% qənaət edilib. Fransa vergi administrasiyası isə qeydiyyata alınmayan tikinti obyektlərinin aşkar olunmasında süni intellektin müsbət rolu barədə məlumat dərc edib.

Süni intellekt, eyni zamanda, vergi ödəyicilərinin gələcək davranışlarını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Dünyada tətbiq edilən ilk süni intellektə malik super kompüterlərdən biri IBM şırkəti tərəfindən hazırlanmış “IBM Watson” olub. İlkin dövrlərdə tibb sahəsində bir sıra xəstəliklərin düzgün diaqnozu məqsədilə istifadə edilən bu texnologiya sonralar ABŞ-da hüquq sahəsində tətbiq olunub və heç bir vəkilin doğru qərar qəbul edə bilmədiyi hallarda dəqiq həll yollarını göstərə bilib. Hal-hazırda ABŞ-da “IBM Watson” süni intellektindən on minlərlə işçiyə malik böyük beynəlxalq multi-milli şirkətlərdə vergi bəyannamələrinin doldurulması prosesində geniş istifadə olunur. Bu qurğu, həmçinin, qanunları öyrənmək qabiliyyətinə malikdir. Məsələn, ABŞ-ın federal və ştatlar üzrə 74 min səhifədən ibarət olan vergi qanunvericiliyi ona yüklənilib və anidən dərk edilib. “IBM Watson” iri şirkətlərdə vergi üzrə mütəxəssis kimi də fəaliyyət göstərir. Minlərlə işçinin vergi bəyannamələrini heç bir səhvə yol vermədən qısa bir müddət ərzində tərtib edərək vergi orqanlarına ötürür. ABŞ-ın vergi sahəsində ixtisaslaşmış “H&R Block” şirkətinin minlərlə ofisi mövcuddur. Bu şirkət milyonlarla insana vergi xidməti göstərir və saysız-hesabsız vergi bəyannamələrini vergi orqanlarına təqdim edir. “IBM Watson”la əməkdaşlıqdan sonra amerikalılara geri qaytarılan vergi məbləğləri xeyli artıb və bunadək yol verilmiş səhvlər aradan qaldırılıb.

Süni intellektlərin beynəlxalq maliyyə korporasiyaları, transmilli şirkətlər tərəfindən istifadə edilməsi vergi qanunvericiliyində azadolmalar və güzəştlərdən istifadə etməklə vergi planlaşdırması məsələsini də gündəmə gətirməkdədir. İnkişaf etmiş ölkələrin vergi orqanları gələcəkdə süni intellektin imkanlarından daha geniş istifadə etmək əzmindədirlər.

İmran QARAYEV, PhD
DVX Tədris Mərkəzinin şöbə rəisi