Frank Umbax: “Azərbaycan Almaniyanın Qafqazdakı əsas iqtisadi tərəfdaşıdır” MÜSAHİBƏ

2023.05.18 14:10 (UTC+04:00)

- Cənab Umbax, Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin qısaca xülasəsini versəniz, diqqəti nələrin üzərində cəmləşdirərdiniz?

- Almaniya ilə Azərbaycan arasında 1992-ci ildən bəri yaxşı ikitərəfli münasibətlər formalaşıb. Qafqazdakı əsas iqtisadi tərəfdaşı Azərbaycan olan Almaniyanın bu regionda yeganə Xarici Ticarət Palatası Bakıda yerləşir.

Hər iki tərəfdən 150-yə yaxın şirkət Alman-Azərbaycan Ticarət Palatasının üzvüdür. Azərbaycan Almaniyaya xam neft tədarük edən ən mühüm on ölkə sırasındadır. 2020-ci ildə Almaniya ilə Cənubi Qafqaz ölkələri arasında ümumi ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz olub.

2020-ci ildə Almaniya ilə Cənubi Qafqaz ölkələri arasında ümumi
ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz olub

Almaniyanın İqtisadi Məsələlər və İxraca Nəzarət üzrə Federal İdarəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycan Almaniyaya 2,5 milyon barel xam neft ixrac edərək xam neftin 9-cu ən böyük tədarükçüsü olub. Azərbaycan və Avropa İttifaqı 2022-ci ilin iyulunda 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracını iki dəfə artırmaq barədə razılığa gəliblər ki, bu da ölkələr arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır..

Almaniyadan Azərbaycana, əsasən, maşınlar, avtomobillər, dəmir və polad məmulatları gətirilir.

- Azərbaycan iqtisadiyyatının hansı sahələri Almaniya investorlarını maraqlandıra bilər?

- Ənənəvi ixracı daha da genişləndirməklə yanaşı, Almaniya hökuməti, eləcə də sənaye sahəsində çalışan şirkətlər yaşıl enerjiyə keçid və birgə bərpa olunan enerji və hidrogen layihələrinin genişləndirilməsi istiqamətində Azərbaycanla işləməyə xüsusi maraq göstərirlər.

Hesab edirəm ki, ikitərəfli əlaqələrimizin daha da genişlənməsi hər iki tərəfin qarşılıqlı maraqlarına uyğundur. Turizm, sahibkarlıq və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq, şübhəsiz ki, genişləndirilə bilər və genişləndirilməlidir. Yaşıl enerji və hidrogen sahəsində əməkdaşlıq gələcək illərdə inkişaf üçün böyük potensiala malikdir.

Almaniya hökuməti, eləcə də sənaye sahəsində çalışan şirkətlər yaşıl
enerjiyə keçid və birgə bərpa olunan enerji və hidrogen layihələrinin
genişləndirilməsi istiqamətində Azərbaycanla işləməyə xüsusi maraq göstərirlər.

- Hazırda Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorudur...

- Avropa İttifaqı ilə Azərbaycan arasında 2021-ci ildə ticarət dövriyyəsinin həcmi 15 milyard dolları ötüb və ölkənin xarici ticarət dövriyyəsinin 44%-ni təşkil edib. Avropa İttifaqı Azərbaycanın ən böyük ixracat (51%) və ikinci ən böyük idxal (16%) bazarı, həmçinin 7 milyard dollara yaxın birbaşa investisiya ilə ən böyük investoru olmaqda davam edir. İttifaq ölkələrinin Cənubi Qafqazla ticarətinin 76%-i Azərbaycanın payına düşür.

Tamilla MƏMMƏDOVA