Avropa İttifaqı kriptovalyuta əməliyyatlarına nəzarəti gücləndirir

2023.05.17 13:05 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) yaydığı açıqlamaya görə, üzv dövlətlər çirkli pulların yuyulmasına qarşı mübarizə və maliyyə auditi üçün bitkoin qəbilindən olan müxtəlif kriptovalyuta aktivləri ilə edilən əməliyyatlar üzərndə nəzarət qoyulamasına dair qaydaları təsdiqləyiblər.

Aİ-nin yeni qaydalarına əsasən, digər maliyyə əməliyyatları kimi, kriptovalyuta əməliyyatlarına da hər zaman nəzarət ediləcək və şübhəli əməliyyatların qarşısı alınacaq. Beləliklə, xüsusilə cinayətkar dairələrin kriptovalyutalar vasitəsilə çirkli pulların yuyulmasına qarşı qaydaları pozması nəzarətdə saxlanılacaq.

Fond köçürmələri ilə bağlı qaydalar yenilənəcək və kriptoaktiv köçürmələrini də əhatə edəcək. Yeni qaydalar kriptovalyuta əməliyyatlarına maliyyə şəffaflığı gətirəcək.

Bu kontekstdə kriptoaktiv xidmət təminatçıları, alınıb-satılan kriptoaktivlərin məbləğindən asılı olmayaraq, kriptoaktiv köçürmələrinin göndəricisi və alıcısı haqqında müəyyən məlumatları toplayacaqlar və həmin məlumatlar rəsmi qurumlara açıq olacaq.

Beləliklə, şübhəli əməliyyatlar müəyyən edilərək bloklanacaq. Xidmət təminatçıları cinayətkarların kriptovalyuta axınlarını aşkar etmiş və onların qarşısını almış olacaqlar.

Kriptovalyuta sahəsində fəaliyyət göstərən şirkətlərdən çirkli pulların “yuyulmasına” qarşı bütün öhdəliklərə əməl etmələri tələb olunacaq.

Aİ ölkələrində kriptoaktiv xidmət provayderləri müvafiq tənzimləyici orqanlardan lisenziya almalı olacaqlar və birlik daxilində kriptoaktivlər üçün vahid hüquqi çərçivə tətbiq ediləcək.

Avropa Parlamentinin Baş Assambleyasında təsdiq edilmiş bu qaydalar növbəti mərhələdə Aİ-nin “Rəsmi qəzet”ində dərc olunduqdan sonra qüvvəyə minəcək.