Meksikaya qanunsuz qaçqınlara görə vergi tətbiq olunur

2019.06.02 16:15 (UTC+04:00)

ABŞ rəhbərliyi Latın Amerikasından olan qanunsuz qaçqınların Meksika üzərindən ABŞ-a daxil olmasının qarşısını almaq üçün 5 faizlik gömrük vergisi qoyulduğunu bəyan edib. Prezident Donlad Tramp "Twitter" hesabından yaydığı açıqlamasında bildirib ki, iyunun 10-dan ABŞ Meksikadan idxal edilən bütün məhsullara 5 faizlik gömrük vergisi tətbiq edəcək və bu verginin tətbiqi Meksika üzərindən ölkəyə qanunsuz qaçqın axını dayanana qədər davam edəcək: "Yeni gömrük vergisi qanunsuz qaçqın problemi həll edilənə qədər mərhələli şəkildə artacaq".

Beləliklə, "qaçqın vergisinin" oktyabr ayına qədər 25 faizə qədər artırılacağı gözlənilir. Trampın açıqlamasına əsasən, Meksika qaçqın problemini həll edən kimi bu vergi də ləğv ediləcək. Qeyd edək ki, uzun müddətdir ki, qanunsuz qaçqın problemindən narahatlığını ifadə edən və buna görə də iki ölkə arasında sədd çəkiləcəyini bildiriən D.Tramp son vaxtlar Meksika rəhbərliyinin ünvanına üstüörtülü tənqidlərini artırmışdı.