İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nda bildirilir ki, ilk 4 ayda ölkədə qeyri-neft sektoru üzrə ixrac 583 milyon ABŞ dolları həcmində olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 98 milyon ABŞ dolları və ya 20 faiz artıb. Həmin müddətdə Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında mahlıc (57,9 milyon ABŞ dolları) birincidir. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 milyon ABŞ dolları) ikinci, tomat (49,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, 2019-cu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon, plastmass və ondan hazırlanmış məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanmış məmulatların ixracı 32 milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 9 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb. Təkcə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 167 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 38 milyon ABŞ dolları və ya 29 faiz artıb. Apreldə qeyri-neft sektoru üzrə ixracda tomat (24 milyon ABŞ dolları) birinci, daranmamış pambıq lifi (20,5 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 milyon ABŞ dolları) üçüncü olub.