Elvin Abbasov: “Starlink” peykinin Azərbaycanda bərqərar olması ölkənin cəlbediciliyini ortaya qoyur” MÜSAHİBƏ

2023.05.17 09:40 (UTC+04:00)

- Elvin müəllim, “SpaceX” şirkəti ilə "Azərkosmos" arasında bağlanan müqavilə Azərbaycana nə verəcək?

- Bu müqavilə regionda Azərbaycanın nüfuzunu daha da artırır və ölkəmizi fərqləndirir. “Sratlink” peykinin Azərbaycanda bərqərar olması ölkənin cəlbediciliyini ortaya qoyur. Hazırda dünyanın 53 ölkəsində xidmət verən “SpaceX” şirkəti ən nüfuzlu beynəlxalq şirkətlərdən biridir. Xüsusən də rəhbəri Elon Mask olduğu üçün hər zaman diqqət cəlb edən şirkətdir. Onun Azərbaycana gəlməsi, təbii ki, müsbət haldır.

Peyk vasitəsilə yaşayış yerlərindən kənar, yüksək dağlıq ərazilərdə,
yaxud xüsusi yerlərdə tikilən obyektlərə birbaşa internet verilə bilər

- Bəs layihənin texniki üstünlükləri nələrdir?

- Ümumiyyətlə, internet xidmətlərinin istifadə coğrafiyası fərqlidir. Məsələn, əgər hər hansı yaşayış massivinin internetə çıxışını təmin etmək istəyiriksə, burada fiberoptik xətlərin çəkilməsi hamı üçün sərfəlidir. Fiberoptik kabellər kifayət qədər investisiya tələb edən, bahalı infrastruktur olmasına baxmayaraq, hər hansı yaşayış massivində fiberoptik kabellərin çəkilməsinə investisiya qoymaq çox məntiqlidir. Ancaq, tutaq ki, yaşayış olmayan ərazidə, dağların arasında meliorasiya xidməti göstərən bir qurumun obyekti yerləşir. Elektron idarəetmə həmin qurğunun avtomatlaşdırılmasını tələb edir. Həmin əraziyə bir obyektə görə bahalı fiberoptik internet xəttinin çəkilməsi çox məntiqsiz olardı. O bölgələrdə CSM operatorlar da ötürücü qüllə quraşdırmaqda maraqlı deyillər. Buna görə də bir çox ərazilərdə avtomatlaşdırma problemli işdir. “Starlink” artıq bütün bu problemləri həll etməyə imkan verəcək. Peyk vasitəsilə yaşayış yerlərindən kənar, yüksək dağlıq ərazilərdə, yaxud xüsusi yerlərdə tikilən obyektlərə birbaşa internet verilə bilər. Bunun üçün əlavə infrastruktura ehtiyac yoxdur. Bəzi məkanlarda hansısa layihə çərçivəsində işlər aparılarkən “Starlink”lə müddətli internet verilişi mümkündür. Tutaq ki, ucqar bir kənddə və ya dağda tədqiqat işləri aparılır. İşlər gedən müddətdə həmin məkan internetlə təmin olunacaq. Layihə başa çatdıqdan sonra intermetə ehtiyac olmadıqda isə ötürmə dayandırılacaq. Bu, xərclərin optimallaşdırılmasına xidmət edəcək.

Şirkətlərin işinin avtomatlaşdırılması, insan faktorunun
azalması və dördüncü sənaye metodlarından,
modellərindən istifadə etmək üçün internet lazımdır

- Maliyyə xərclərinin azalması, optimal həllər müasir biznes üçün də vacibdir. Bu baxımdan “Starlink” dövlət və özəl şirkətlərin fəaliyyətinə necə təsir edəcək?

- Şirkətlərin işinin avtomatlaşdırılması, insan faktorunun azalması və dördüncü sənaye metodlarından, modellərindən istifadə etmək üçün internet lazımdır. Məsələn, kənddən xeyli uzaqda qazılan subartezian quyusunun işini avtomatlaşdırmaq üçün peyk vasitəsilə internet əldə etmək daha rahat və sərfəli olacaq. Quyunun istismar müddəti bitdikdə isə infrastrukturu sökməyə, əlavə xərclərə lüzum qalmayacaq. Yaxud qısamüddətli hərbi təlimlər üçün internet infrastrukturunun qurulması xeyli xərc tələb edir. Ona görə də ən optimal variant məkanın peyk vasitəsilə internetlə təmin olunmasıdır. SOCAR, “Azərenerji”, “Azərqaz” kimi iri şirkətlərin dənizdə, eləcə də yüksək dağlıq ərazilərdə qurğuları mövcuddur. Onları avtomatlaşdırmaq üçün “Starlink”in xidməti daha əlverişli olacaq.

Hazırda Azərbaycanın müxtəlif ərazilərində aqroparklar qurulur. İşğaldan azad olunmuş rayonlar üçün də belə layihələr nəzərdə tutulub. Onların işini avtomatlaşdırmaq, rəqəmsallaşdırmaq məqsədilə peyk xidmətlərindən geniş istifadə oluna bilər.

- “Starlink”in işi Azərbaycanın qanunvericiliyi baxımından necə tənzimlənib?

- İnternet provayderləri hər bir ölkənin qanunvericiliyi ilə hesablaşırlar, ölkənin milli təhlükəsizliyini təmin edən qaydalar əsasında işləyirlər. “Starlink” layihəsinin yerli istifadəçilər üçün xirmətləri də Azərbaycan qanunvericiliyi əsasında fəaliyyət göstərəcək.

Fərqanə ALLAHVERDİQIZI