Rusiya hökumətinin İT şirkətləri üçün müəyyənləşdirdiyi yeni qaydalara əsasən, müəssisələr mütəxəssislərə həvəsləndirici ödənişlər və keçmiş xərclərin ödənilməsi üçün vəsait yönəldə biləcəklər. “Gazeta.Ru” bu barədə baş nazir Mixail Mişustinin açıqlamasını yayıb.
Ölkə prezidentinin xarici proqram təminatından müstəqilliyin təmin edilməsi barədə göstəriş verdiyini vurğulayan baş nazir deyib: “Hökumət yeni layihələr həyata keçirə bilmək üçün şirkətlərin illik maksimum 3%-lə güzəştli kreditlər almaq imkanlarını genişləndirir”.
Mixail Mişustin əlavə edib ki, hələ də İT biznesi üçün vergi güzəştlərindən faydalanmaq imkanı olmayan akkreditə olunmuş şirkətlər bu cür dəstəyi ala biləcəklər.
Bildirilib ki, dəyişikliklər sayəsində daha çox sahibkar dövlət dəstəyindən yararlanaraq müasir, tələbatlı məhsullar istehsal edə biləcəklər.
Xatırladaq ki, martın 15-də Daxili İşlər Nazirliyi Rusiyanın xarici İT mütəxəssisləri üçün işə qəbul və yaşayış icazəsi almaq prosedurlarını sadələşdirdiyi barədə məlumat yaymışdı. Məlumatda göstərilirdi ki, indi bu sahədə xarici mütəxəssislər iş icazəsi və ya patent almadan müqavilə bağlaya bilərlər.
Elə həmin ay Rəqəmsal İnkişaf Nazirliyi İT şirkətləri üçün mənfəət vergisini müddət məhdudiyyəti qoymadan sıfırlamağı təklif etmişdi. Nazirliyin təşəbbüsü, ilk növbədə, İT şirkətlərinin vergi ödəyicisi statusunun hüquqi müəyyənliyə ehtiyacı olduğunu başa düşmək, habelə vergi güzəştlərinin tezliklə bitməməsini təmin etmək zərurətindən irəli gəlirdi.