“Tesla”nın Çində satılan 1,1 milyon avtomobilində proqram təminatı səhvləri aşkar edilib

2023.05.15 10:45 (UTC+04:00)

ABŞ-nin elektriklə işləyən avtomobil istehsalçısı ”Tesla” şirkətinin Çində satdığı 1,1 milyon avtomobilin müvəqqəti geri qaytarılacağı bildirilib. Buna səbəb kimi avtomobillərin sürət və əyləc sistemlərini tənzimləyən proqramda ciddi xətaların olduğu göstərilib.

Çinin Bazarı Tənzimləmə Dövlət İdarəsindən verilən rəsmi açıqlamaya görə, avtomobillərdə sürət pedalına uzun müddət basıldıqda xəbərdarlıqların qarşısını alan və sürücünün regenerativ əyləc sisteminə keçməsinə mane olan proqram səhvləri aşkar edilib.

Toqquşma riski yarada bilən bu səhvlərə görə Amerikadan idxal edilmiş “Model X”, “Model S” və “Model 3” markalı avtomobillər, eləcə də 2019-cu ilin yanvar ayından 2023-cü ilin aprel ayına qədər şirkətin Şanxay şəhərindəki zavodunda istehsal olunmuş “Model 3” və “Model Y” markalı avtomobillər mayın 29-dan etibarən düzəlişlər aparılmaq üçün şirkətə qaytarılacaq. Şirkət xətaları avtomobillərə fiziki müdaxilə etmədən məsafədən ötürülən proqram təminatı yeniləmələri ilə düzəldəcək.