Buxarestdə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyasının iclası keçiriləcək

2023.05.13 13:28 (UTC+04:00)

Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasının keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soarenin görüşündə bildirilib.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Ötən dövrdə ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edən 61 sənədin imzalandığı bildirilib. İqtisadi əlaqələrin inkişaf etməkdə olmasının növbəti göstəricisi kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 2,4 dəfə artımın qeydə alındığı bildirilib.

Azərbaycan və Rumıniya hökumətləri arasında Müştərək Komissiyanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən fəaliyyətindən bəhs olunub.

İkitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası Müştərək Komissiyanın Buxarestdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.