İşçinin son 12 aylıq dövrdə heç bir qazancı olmamışdırsa, əmək müqaviləsinə xitam verilərkən ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır? “vergiler.az”ın sualına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.
Əmək Məcəlləsinin 130-cu maddəsinin “a” bəndinə əsasən, həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq dörd yaşına çatanadək işçinin xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyətlər verilir.
Misal: Tutaq ki, 1 may 2018-ci ildən “A” müəssisəsində 930 manat aylıq əməkhaqqı ilə çalışan işçi 1 may 2018-1 may 2019-cu iş ili üçün nəzərdə tutulmuş 30 təqvim günü məzuniyyət hüququndan istifadə edib. O, 25 iyun 2020-ci ildən işəgötürənə həkim komissiyasının rəyi əsasında xroniki xəstə olan uşağa qulluq edilməsi ilə bağlı ödənişsiz məzuniyyət hüququndan istifadə barədə müraciət edərək uşağın dörd yaşına çatanadək (23 yanvar 2023-cü ilədək) məzuniyyətə çıxıb. Bu müddət ərzində, təbii ki, işçiyə əməkhaqqı hesablanmayıb və onun heç bir gəliri olmayıb. İşçi 22 yanvar 2022-ci il tarixdə azad olunması ilə bağlı ərizə ilə müraciət edib. Bu halda son haqq-hesab hesablanmalı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməlidir.
Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndinə görə, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Yəni işçiyə keçmiş illərin məzuniyyəti verilərsə belə, onun məzuniyyət haqqı məbləği son 12 ayda aldığı qazanca əsasən hesablanacaq. Başqa sözlə, işçi 2019-2020 və 2020- 2021-ci iş illəri üçün nəzərdə tutulmuş məzuniyyət hüququndan istifadə etsə də, məzuniyyətə, məsələn, 22 yanvar 2022-ci ildə çıxarsa, ona məzuniyyət haqqı həmin tarixdən əvvəlki 12 aylıq qazanca əsasən hesablanacaq.
Bəs qeyd etdiyimiz nümunədə son 12 ayda heç bir qazanc olmamışdırsa, məzuniyyət haqqının hesablanması zamanı hansı qazanc əsas götürüləcək?
Qanunvericlikdə bununla bağlı hansısa bəndə rast gəlinməsə belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttindən məsələyə belə münasibət bildirilib ki, bu kimi hallarda geriyə, gəlirin olduğu dövrə əsasən orta əməkhaqqının hesablanması məntiqli hesab edilə bilər.