İspaniya hökuməti 2022-ci ilin ortalarında başlayan və ekspertlər tərəfindən uzunmüddətli olacağı təxmin edilən quraqlıq problemi ilə mübarizə üçün təxminən 2,2 milyard avroluq yardım paketinin təsdiqlənməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin quraqlıq problemi ilə bağlı qərarına əsasən, ayrılan vəsaitin 636 milyon avroluq hissəsi birbaşa əkinçilik və heyvandarlıq sektorlarına köçürüləcək. Hökumət heyvandarlığa 355 milyon avro, əkinçiliyə 276,7 milyon avro, arıçılığa isə 5 milyon avro birbaşa yardım veriləcəyini açıqlayıb.
İclasda şəhər suyunun təkrar emalının ikiqat artırılması, suvarma üsullarının tənzimlənməsi və yeni su ehtiyatlarının yaradılması üçün infrastruktur xidmətlərinə 1,4 milyard avro vəsait ayrılacağı qeyd edilib.
Ekoloji keçid naziri Teresa Ribera son 1 ildə yağıntının 40 faizə yaxın azalmasının təsiri ilə sərtləşən quraqlıq problemi qarşısında su tələbatını yaxşı idarə etməyin lazım olduğunu vurğulayıb: "İspaniya elə bir ölkədir ki, biz quraqlıqla üzləşməyə alışmışıq. Lakin iqlim dəyişikliyinə görə daha ağır dövrlərə hazırlaşmalıyıq”.
Kənd təsərrüfatı naziri Luis Planas isə quraqlıq səbəbilə istehsaldakı azalmaya görə fermerlərə 53 milyon avro məbləğində verginin geri qaytarılacağını, sosial sığorta ödənişlərinin oktyabr ayına qədər təxirə salındığını və Rəsmi Kredit İnstitutu tərəfindən verilən subsidiyalı kənd təsərrüfatı kreditlərinin 20 milyon avroya qədər genişləndirildiyini açıqlayıb.
Qeyd edək ki, İspaniya coğrafi mövqeyinə görə Şimali Afrikaya yaxın olduğu üçün quraqlıq problemi ilə tez-tez üzləşir və iqlim dəyişikliyinin təsiri ilə bu problem son vaxtlarda daha da güclənib.
Əndəlüs, Mursiya və Kataloniya kimi bölgələrə daha çox təsir edən quraqlığa görə dənli və paxlalı bitkilərlə yanaşı, zeytun, pomidor, kartof, günəbaxan, düyü, banan, ərik, albalı, şaftalı, qarpız kimi ərzaq məhsullarının yetişdirilməsində ciddi problemlər yaranıb və bu məhsulların qiymətləri yüksəlib.
Hazırda ölkənin su bəndləri və göllərindəki ümumi su ehtiyatı 48 faiz səviyyəsindədir.