"Keçən il şəffaflığın bərpa olunması üçün vergi ödəyicilərinə zaman verilib, səyyar yoxlamalar 3,4 dəfə azalıb. Vergi proqnozu 7 milyard 380 milyon manata qarşı 7 milyard 415 milyon manat icra olunub".
Bu sözləri Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib ki, keçən il xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard dollara çatıb, 20,3 milyard dollar müsbət saldo yaranıb: "2018-ci ildə dövriyyələrin şəffaflaşdırılmasına başlanılıb. İqtisadiyyat üzrə dövriyyənin 5,3 faizi sadələşdirilmiş vergiyə cəlb edilib. Özəl sektordan daxilolmalar vergi daxilolmalarının 5,1 faizinə, vergi ödəyicilərinin sayı 970.304 nəfərə çatıb. Keçən il açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub".
Z.Səmədzadə bağlanmış müəssisələrlə bağlı müvafiq strukturların monitorinq aparılmasını da təklif edib: "Monitorinq aparsınlar görək iri və orta müəssisələr niyə bağlanır? Biz bunu araşdırsaq, əminəm ki, konkret nəticələr əldə olunar və fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hər bağlanan müəssisənin arxasında işçilər, məşğulluq dayanır".