Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.
Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.
Göründüyü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi hər il yanvar ayının 15-dək növbəti təqvim ili üçün seçimi barədə yazılı məlumatı təqdim etməklə, yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etməklə seçim hüququ tətbiq edilə bilir.
Sorğuda qeyd olunan halda, texnologiyalar parkının rezidentlik statusu yanvar ayının 15-dən sonra əldə edildiyi üçün həmin ilə aid məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi yeni işə götürülən şəxslərə münasibətdə tətbiq edilə bilər.
Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.