Vüsal Qurbanov: “Sığorta sektorunun rəqəmsallaşması Mərkəzi Bankın əsas prioritetlərindəndir” MÜSAHİBƏ

2023.05.10 14:30 (UTC+04:00)

- Vüsal müəllim, Mərkəzi Bankın apardığı islahatlar çərçivəsində icbari avtomobil sığortası ilə bağlı yeni qaydaların tətbiqindən sonra hansı dəyişikliklər olub?

- Tətbiqinə keçən il oktyabrın 1-dən başlanan yeni qaydalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətin keyfiyyətini və sürücülük məsuliyyətini artırmaq məqsədi daşıyır. Mərkəzi Bank bununla bağlı idarəetmə mexanizmləri hazırlayıb. Sığorta haqqının risk əsaslı hesablanması üzrə yeni yanaşmaya əsaslanan qaydalar çərçivəsində sığortalının sığorta tarixçəsini nəzərə alaraq sığorta haqqının hesablanmasında istifadə olunan bonus-malus sistemi təkmilləşdirilib və real vaxt rejiminə keçirilib. Bu dəyişiklliklər üçüncü şəxslərə dəyən ziyanı minimuma endirməyə və nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizliyi təmin etməyə şərait yaradır.

Bundan əlavə, beynəlxalq təcrübə əsasında icbari avtomobil sığortası üzrə şikayət indeksi hazırlanıb və indeks 2022-ci il oktyabrın 5-dən hər ay Mərkəzi Bankın rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır. Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə yeni konsepsiyanın tətbiqi sayəsində sığorta yığımlarının artması ilə yanaşı, əhaliyə göstərilən sığorta xidmətlərinin keyfiyyəti də yüksəlib.

Beynəlxalq təcrübə əsasında icbari avtomobil sığortası üzrə şikayət
indeksi hazırlanıb və indeks 2022-ci il oktyabrın 5-dən hər ay
Mərkəzi Bankın rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır

- 2022-ci il noyabrın 1-dən zərərlərin birbaşa tənzimlənməsi qaydaları tətbiq edilir. Bu dəyişikliyin mahiyyəti nədir?

- Bu dəyişikliyə əsasən, sığorta hadisəsi zamanı zərərçəkən şəxs sığorta təzminatı almaq üçün ona zərər vurmuş tərəfin sığorta şirkətinə deyil, özünün sığorta şirkətinə müraciət edir. Bu qayda beynəlxalq təcrübəyə əsaslanır və tətbiqindən əvvəl onun bazara necə təsir göstərə biləcəyi diqqətlə təhlil olunub. Yeni qayda sığorta şirkətlərini öz müştərilərinə daha keyfiyyətli xidmət göstərməyə təşviq etməklə bərabər, vətəndaşlara da sığorta şirkətini xidmətin keyfiyyətinə görə seçmək imkanı yaradır.

2023-cü ilin yanvar ayından başlayaraq icbari avtomobil sığortası müqaviləsinin bağlanması prosesi sadələşdirilib, sığorta şəhadətnamələrinin sığortaçıların rəsmi internet səhifələri üzərindən təqdim olunması imkanı yaradılıb. Bu, vətəndaşlarla elektron sənəd formasında müqavilə bağlamaq, sığorta şəhadətnamələrini şirkətlərin rəsmi internet səhifələri üzərindən almaq imkanını artırmaq məqsədi daşıyır.

Sığorta sektorunun rəqəmsallaşması Mərkəzi Bankın əsas prioritetlərindəndir. Bu tədbirlər istehlakçıların mənafelərinin qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsinə, eləcə də sığortaçıların göstərdikləri xidmətlərin keyfiyyətinin artırılmasına yönəldilib.

2023-cü ilin yanvar ayından başlayaraq icbari avtomobil sığortası
müqaviləsinin bağlanması prosesi sadələşdirilib, sığorta şəhadətnamələrinin
sığortaçıların rəsmi internet səhifələri üzərindən təqdim olunması imkanı yaradılıb

- Daşınmaz əmlak sığortasına maraq hələ də istənilən səviyyədə deyil. Bu sektoru inzibati yolla tənzimləmək mümkündürmü?

- Fiziki şəxslərin və sahibkarlıq subyektlərinin daşınmaz əmlakının icbari sığortası, ilk növbədə, onların maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib. Mərkəzi Bank əhali və biznes subyektləri arasında risk üzrə maarifləndirmə və təbliğat-təşviqat tədbirləri keçirmək istiqamətində İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə genişmiqyaslı layihə həyata keçirir. Həmin layihə çərçivəsində risklər və müxtəlif sığorta xidmətləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Bu istiqamətdə aparılan davamlı işlər nəticəsində ölkədə daşınmaz əmlakın icbari sığortası sahəsində artım müşahidə olunur.

Bundan əlavə, sığorta fəaliyyətində rəqəmsallaşma islahatları çərçivəsində “İcbari sığortalar haqqında” Qanuna 18 oktyabr 2022-ci il tarixli müvafiq dəyişikliklər edilib. Dəyişikliklər bütün icbari sığorta sinifləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası üzrə sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasını əhatə edir.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı təkmilləşdirmə işləri qabaqcıl beynəlxalq təcrübələr əsasında davam etdirilir. Təkmilləşdirmə sayəsində bu sığorta xidmətinə əlçatanlıq daha da artacaq və sığortalanma proseslərinin daha səmərəli həyata keçirilməsi mümkün olacaq.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı təkmilləşdirmə işləri
qabaqcıl beynəlxalq təcrübələr əsasında davam etdirilir

- Sığorta ekspertlərinin seçilməsi məsələsində sığortalılarla şirkətlər arasında mübahisələr yaranır. Bunun qarşısını almaq, ədalətli mühit yaratmaq üçün hansı addımların atılması gözlənilir?

- Ötən il Mərkəzi Bank sığorta hadisələri ilə əlaqədar zərərlərin ədalətli şəkildə qiymətləndirilməsi, müstəqil ekspertlərin peşəkarlıq səviyyəsinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə daha təkmil müstəqil ekspertiza mexanizminin qurulması istiqamətində hazırlanan layihələrin icrasını davam etdirib. Bununla yanaşı, müstəqil ekspertlərin fəaliyyəti, onlara dair tələblərin və müstəqil ekspertlərin təyinatı ilə bağlı mövcud qanunvericiliyin beynəlxalq təcrübələrə uyğunlaşdırılması üçün zəruri işlər görülüb. Mərkəzi Bankın bu istiqamətdə həyata keçirdiyi islahatlar, o cümlədən maarifləndirmə tədbirləri sığortaya inamın, sığortanın əhatəliliyinin artmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilib.

Fərqanə ALLAHVERDİQIZI