Əmlak vergisi üzrə hesablamalar

2019.05.31 14:17 (UTC+04:00)

Bəzi vergi ödəyicilərinin həm Azərbaycan Respublikasında, həm də xarici ölkələrdə əmlakları var. Bəs görəsən xarici ölkələrdə ödənilmiş əmlak vergisinin Azərbaycan Respublikasında gəlirlərdən çıxılan xərc kimi tanınması necə tənzimlənməlidir?

Mövzu ilə bağlı fikirlərini bildirən sərbəst auditor Altay Cəfərovun sözlərinə görə, bu məsələ çox aktualdır: "Misal üçün, Rusiya Federasiyasında olan əmlaka görə ödənilən əmlak vergisi 20.000 manat olub, amma Vergi Məcəlləsinə görə hesablayanda bu rəqəm 15.000 manat alınır. Belə olan halda, 5.000 manat artıq vergi yaranır. Bu halda belə bir sual meydana çıxır: 5.000 manat artıq vergi gəlirdən çıxılmalıdır, yoxsa xalis mənfəətdən silinməlidir? Azərbaycan Respublikasi Hökuməti ilə Rusiya Federasiyasi Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 6-cı maddəsində göstərilir ki, razılığa gələn bir dövlətin rezidentinin razılığa gələn digər dövlətin ərazisində yerləşən daşınmaz əmlakdan (o cümlədən kənd və ya meşə təsərrufatından gəlirlər daxil olmaqla) əldə etdiyi gəlirlər həmin digər dövlətdə vergiyə cəlb edilə bilər".

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin məlumatına əsasən, Azərbaycan Respublikası rezidentinin xarici ölkədə yerləşən daşınmaz əmlaka görə xarici ölkədə ödəməli olduğu verginin məbləğinin Azərbaycan Respublikasında nəzərə alınması ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin müddəaları ilə tənzimlənir. Həmin müddəalara əsasən, əgər Azərbaycan Respublikasının rezidenti bu Sazişin müddəalarına müvafiq olaraq xarici ölkədə vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə və ya əmlaka görə xarici ölkədə ödənilməli olan verginin məbləği Azərbaycan Respublikasında bu rezidentdən həmin gəlirlərlə əlaqədar tutulan vergilərin məbləğindən çıxılır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq, bu cür gəlirə, yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

Qeyd edilənlərə əsasən, xarici ölkədə yerləşən əmlak üzrə Azərbaycan Respublikasında əmlak vergisi hesablanmadığı halda, həmin əmlaka görə xarici ölkədə ödənilmiş əmlak vergisinin gəlirdən çıxılması və ya digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.


Fəxriyyə İKRAMQIZI