Stanislav Tkaçenko: “İqtisadi əməkdaşlıqda sənaye və kənd təsərrüfatı məhsullarının ticarəti böyük əhəmiyyət kəsb edir” MÜSAHİBƏ

2023.05.08 12:01 (UTC+04:00)

- Cənab Tkaçenko, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsi ilə bağlı fikirləriniz maraqlıdır. Sizcə, əlaqələrin daha da şaxələndirilməsi üçün hansı tədbirlər görülə bilər?

- Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr hazırda ən yüksək səviyyədədir. Tarixdə heç vaxt iki dövlət arasında bu miqyasda ticarət sərmayəsi sazişləri olmayıb. Bununla yanaşı, əlaqələrin dinamikası da artmaqdadır.

Rusiya və Azərbaycan iqtisadiyyatları struktur baxımından çox oxşardır. İqtisadiyyatlarımızda enerji sektoru və mədənçıxarma aparıcı rol oynayır. Dünya bazarlarında əmtəə qiymətləri qalxdıqca iqtisadiyyatımızın ixrac həcmi yüksəlir, qiymətlər düşəndə isə buna mütənasib olaraq iqtisadi artım da yavaşlayır. Ona görə də sənaye və kənd təsərrüfatı məhsullarının ticarəti dövlətlərimiz üçün böyük əhəmiyyət kəsb edir.

Diqqət avtomobilqayırma, polipropilen ticarəti, neft-kimya
məhsulları, mineral emalı və toxuculuq kimi irəliləyişin
mümkün olduğu sənaye sahələrinə yönəldilməlidir

Sənaye mallarının ticarəti sahəsində artıq müəyyən qarşılıqlı əlaqə təcrübəsi mövcuddur. Rusiyanın avtomobil, eləcə də helikopter şirkətlərinin Azərbaycan bazarındakı iştirakı genişləndirilə bilər. Azərbaycan isə Rusiya bazarı üçün ən böyük polipropilen istehsalçısı və tədarükçüsüdür.

Fərqli xüsusiyyət ondan ibarətdir ki, hazırda Rusiyanın və Azərbaycanın bütün mal növləri üzrə genişmiqyaslı qarşılıqlı əlaqələr qurmağına ehtiyac yoxdur. Burada diqqət avtomobilqayırma, polipropilen ticarəti, neft-kimya məhsulları, mineral emalı və toxuculuq kimi irəliləyişin mümkün olduğu sənaye sahələrinə yönəldilməlidir. Yeri gəlmişkən, Azərbaycanın toxuculuq məhsulları Rusiya bazarında böyük həcmdə satılır. İki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı üçün böyük perspektivlər var.

- Hər iki ölkə regionlararası səviyyədə əməkdaşlığı inkişaf etdirir. Bu istiqamətdə əlaqələrin daha da irəli aparılamsı üçün hansı imkanları qeyd edə bilərsiniz?

- Hazırda Rusiyanın 17 vilayətinin Azərbaycanın müəyyən regionları və ya sənaye mərkəzləri ilə əməkdaşlıq müqaviləsi var. Bu isə iqtisadi əlaqələrin genişləndirilməsində çox mühüm yeri olan yeni kanaldır. Rusiya bazarında Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı məhsulları son illərdə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Belə regional əlaqələr bir çox iqtisadi məsələlərin daha tez həllinə, istehsalçılara daha yaxın olmağa imkan verir. Bundan əlavə, Azərbaycanın turizm potensialı böyükdür. Son vaxtlar Azərbaycana istirahətə gələn rusiyalı turistlərin sayı çox sürətlə artır.

Rusiyanın 17 vilayətinin Azərbaycanın müəyyən regionları və
ya sənaye mərkəzləri ilə əməkdaşlıq müqaviləsi var

- Azərbaycan iqtisadiyyatının hansı sahələri rusiyalı investorları maraqlandırır?

- Çox güman ki, Rusiyadan Azərbaycana yatırılan sərmayələrin böyük hissəsi “Lukoyl”un, eləcə də enerji sektoru ilə bağlı digər şirkətlərin hesabına həyata keçirilir. Amma söhbət perspektivli investisiya sahələrindən gedirsə, mən yenə də turizm, kənd təsərrüfatı, sənaye kimi sahələri qeyd edərdim.

Azərbaycan gözəl paytaxtı Bakıya turist cəlb etmək üçün çox işlər görüb. Azərbaycanın xizək kurortları Rusiya Federasiyasında, ilk növbədə, meqapolislərdə tanınır. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında, Xəzər sahillərində ciddi turizm potensialı var. Ona görə də Rusiyanın həm turizm şirkətləri, həm də iri biznesi bu sahəyə axın edir.

Kənd təsərrüfatına gəlincə, son bir neçə ildə xeyli işlər görülüb. “Agroexpress” layihəsinə əsasən, artıq qatarlar kənd təsərrüfatı məhsullarını Moskvaya, Sankt-Peterburqa, Volqaboyuna, Urala qrafik üzrə sürətlə çatdırır. Bu layihə kənd təsərrüfatı məhsullarının ixracı üçün daha da əlverişli şərait yaradacaq.

Bundan əlavə, Rusiya biznesi kənd təsərrüfatı məhsullarının emalına, nəqliyyat və loqistika layihələrinə həvəslə investisiya qoyacaq.

Sənayeyə gəlincə, bu sahədə əməkdaşlıq hər iki dövlətin qarşılıqlı maraqlarına əsaslanmalıdır. Sənayenin maşınqayırma, istehlak malları sahəsində ixtisaslaşmış Rusiyanın Azərbaycanda mövcud potensialdan istifadə ilə bağlı layihələrə investisiya yatırmaq ehtimalı yüksəkdir. Bura avtomobillərin, mikroavtobusların, helikopterlərin istehsalı daxildir.

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında,
Xəzər sahillərində ciddi turizm potensialı var

- Azərbaycanın nəqliyyat-loqistika imkanlarını, o cümlədən Ələt Azad İqtisadi Zonasının imkanlarını, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ITC) çərçivəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Gələcəkdə Azərbaycanın nəqliyyat və loqistika potensialından daha geniş istifadə üçün bir neçə çox mühüm fəaliyyət istiqaməti görürəm.

Birincisi, təbii ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafına qayıtmaq lazımdır. İndiyə qədər bu marşrutdan çox az istifadə olunub. Son iki ildə onunla 7 milyon tona yaxın yük daşınıb. Əslində, bundan iki-üç dəfə çox yük daşımaq mümkündür.

Bundan əlavə, yüklərin, ilk növbədə, dəniz yolu ilə daşınması üçün Ələt Azad İqtisadi Zonasının imkanlarını genişləndirmək lazımdır. Biz bu layihənin həyata keçirilməsində iştirak edən yerli və xarici şirkətlərin, o cümlədən Rusiya şirkətlərinin uğurlarını görürük. Lakin gələcəkdə daha çox işlər görülməlidir. Söhbət dəniz, dəmir yolu və avtomobil nəqliyyatının bir araya gətirilməsindən gedir.

Nəhayət, yadda saxlamaq lazımdır ki, dünya üzrə yükdaşıma gəlirlərinin əsas hissəsi konteynerlərin daşınmasından əldə edilir. Hələ ki layihə daha çox digər yük növlərinə yönəlib. Konteynerlərin daşınmasına keçid həm daşınan yüklərin həcmini, həm də investisiya baxımından rentabelliyi kəskin şəkildə artıracaq.

Tamilla MƏMMƏDOVA