Ağdamda dəmir yolu avadanlıqları istehsal edəcək zavodun tikintisinin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.
Onun sözlərinə görə, zavodun ilk korpusunun tikintisinə may-iyun, digər korpusunun tikintisinə isə payız aylarında başlamaq nəzərdə tutulur. Bu ilin sonuna kimi zavodun tikintisini yekunlaşdıraraq istehsala başlamaq planlaşdırılır. Hazırda isə zavodun tikintisi ilə bağlı şirkətlər tərəfindən daxil olan təkliflər araşdırılır.
Bu zavod Azərbaycanda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək ilk müəssisə olacaq. Tikinti işlərinin aparılması zamanı yerli xammaldan istifadə işlərin daha qısa zaman ərzində başa çatdırılmasına imkan verəcək: “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə eyni məhsulların istehsalı ölkə daxilində həyata keçiriləcəyindən onların idxal edilməsinə ehtiyac qalmayacaq”.
“Made in Azerbaijan” brendi altında istehsal olunacaq yerli məhsulların, sifarişlərdən asılı olaraq, Rusiya və Avropaya da ixrac edilməsi planlaşdırılır. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir.
Xatırladaq ki, “Rail Trans Service” Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.