Gürcüstan ilə Koreya azad ticarət barədə danışıqlara başlamağı planlaşdırır

2023.05.08 12:26 (UTC+04:00)

Gürcüstan hökuməti 2023-cü ildə Koreya ilə azad ticarət sazişi barədə danışıqlara başlamağa ümid edir. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze bildirib.
Nazir müavininin sözlərinə görə, 2022-ci ilin noyabrında ölkələr arasında azad ticarət sazişinin texniki-iqtisadi əsaslandırmasını tamamlamaq üçün birgə bəyannamə imzalanıb ki, bu da sazişin həm Gürcüstan, həm də Koreya üçün əhəmiyyətli faydalar gətirəcəyindən xəbər verir. "Gürcüstan ilə Koreya arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə iki ölkə arasında azad ticarət, eləcə də sərmayələrin təşviqi və qorunması haqqında sazişlərin icrası çox kömək edəcək", - G.Arveladze qeyd edib. O, vurğulayıb ki, bu, həm ticarət dövriyyəsini artıracaq, həm də investisiya sahəsində əməkdaşlığa müsbət təsir göstərəcək.

Nazir müavini məsələnin Gürcüstanın hökumət nümayəndə heyətinin Koreyanın baş nazirinin müavini Çu Qen Ho ilə yüksək səviyyəli görüşündə müzakirə olunması faktının mühüm əhəmiyyət daşıdığını deyib. G.Arveladzenin sözlərinə görə, artıq ölkələr arasında investisiyaların təşviqi və qorunmasına dair saziş üzrə danışıqlar aparılır.

Bundan əvvəl nazirliyin mətbuat xidməti bəyan etmişdi ki, Gürcüstan və Koreya bu il İqtisadi Tərəfdaşlıq Sazişi barədə danışıqlara başlaya bilər. G.Arveladze mayın 2-də Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin Azad ticarət siyasəti departamentinin baş direktoru ilə görüşmüş, tərəflər danışıqların şərtlərinə dair sənədi müzakirə etmişdilər. Bildirilmişdi ki, saziş mal və xidmət ticarətinin liberallaşdırılması, o cümlədən sanitar və fitosanitar tədbirlər, ticarətdə texniki maneələrin aradan qaldırılması, əqli mülkiyyət hüquqları, dövlət satınalmaları kimi məsələləri əhatə edəcək. Bunlarla yanaşı, sənəd tərəflər arasında enerji, nəqliyyat, informasiya texnologiyaları, turizm, ətraf mühitin mühafizəsi və s. sahələrdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Statistikaya görə, Koreyadan Gürcüstana ilk investisiyalar 1997-ci ildə qoyulub. O vaxtdan 2022-ci ilə qədər Gürcüstana cəlb edilmiş investisiyanın ümumi həcmi 209,5 milyon dollar təşkil edib. Bu proses 2016-2021-ci illərdə intensivləşib və beş il ərzində Gürcüstanda yatırılan Koreya investisiyalarının həcmi 128,9 milyon dollara çatıb. 2023-cü ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 19,7 milyon dollar olub.