"KOB Dostu" sahibkarlıq fəaliyyətində əhəmiyyətli rol oynayır

2019.05.31 10:23 (UTC+04:00)

Şəkidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu"nun ("KOB Dostu") fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və Şəki-Zaqatala iqtisadi rayonunu təmsil edən sahibkarlar iştirak ediblər. Agentliyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə "KOB Dostu" mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağı qeyd edilib.

Bildirilib ki, Şəki şəhəri də daxil olmaqla, hazırda Şəki-Zaqatala iqtisadi rayonunda iki "KOB Dostu" fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da onların təşkili nəzərdə tutulur. Ümumilikdə isə ölkə üzrə 13 şəhər və rayonda "KOB Dostu" fəaliyyət göstərir. Tədbirdə "KOB Dostu" ilə bağlı təqdimatda layihənin fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.