ABŞ Prezidenti administrasiyası kriptovalyuta əldə etmək üçün elektrik enerjisindən istifadəyə görə 30 faizlik vergi tətbiq etmək planlarını ictimaiyyətə açıqlayaraq, bu addımın atılmasının səbəblərinə aydınlıq gətirib. 2024-cü maliyyə ili üçün büdcəyə əsasən, yeni vergi 2023-cü il dekabrın 31-dən qüvvəyə minəcək və üç il ərzində tədricən 30 faizə qədər artırılacaq.
Ehtimal olunur ki, tətbiq olunacaq yeni vergi sayəsində ABŞ büdcəsinə 10 il ərzində 3,5 milyard dollar əlavə vəsait daxil olacaq. Prezident administrasiyasının mövqeyinə görə, ətraf mühitə zərərli olan kriptovalyuta mədənçiliyinə çoxlu enerji sərf edilir ki, bu da əhalinin istehlak etdiyi elektrik enerjisinin qiymətlərinin artmasına və elektrik şəbəkəsində problemlərin yaranmasına səbəb ola bilir. Açıqlamada qeyd edilib ki, kriptovalyuta mədənçiliyi yerli və milli iqtisadiyyata fayda gətirmir.