Avrozonada illik inflyasiya göstəriciləri açıqlanıb

2023.05.04 15:34 (UTC+04:00)

Avropa Statistika İdarəsi (Eurostat) avro zonasına aid inflyasiya göstəricilərini açıqlayıb. Aprel ayı üzrə açıqlamaya görə, avrozonada mart ayında 6,9 faiz olan illik inflyasiya apreldə 7 faizə yüksəlib. İstehlakçı qiymət indeksində isə aprel ayında əvvəlki ayla müqayisədə 0,7 faiz artım olub.

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya 13,6 faizlə qida, spirt və tütün məmulatlarında olub. Ərzaqdan sonra 6,2 faizlə qeyri-enerji sənaye məhsulları, 5,2 faizlə xidmətlər gəlir. Keçən ay Avropa ölkələrində enerjinin qiymətində 2,5 faiz azalma qeydə alınıb.

Ayrı-ayrı ölkələrə aid ümumi inflyasiya göstəriciləri fərqlidir. Keçən ayın göstəricilərinə görə, illik inflyasiya Latviyada 15 faiz, Slovakiyada 14 faiz, Litvada 13,3 faiz, Estoniyada 13,2 faiz, Avstriyada 9,6 faiz, Sloveniyada 9,2 faiz, İtaliya və Xorvatiyada 8,8 faiz, Almaniyada 7,6 faiz, Fransa və Portuqaliyada 6,9 faiz, Maltada 6,5 faiz, Finlandiyada 6,4 faiz, İrlandiyada 6,3 faiz, Hollandiyada 5,9 faiz, Yunanıstanda 4,5 faiz, İspaniya və Cənubi Kipr yunan bölgəsində 3,8 faiz, Belçikada 3,3 faiz, Lüksemburqda isə 2,7 faiz olub.