Nağdsız ödənişlər təşviq edilir

2019.05.30 17:52 (UTC+04:00)

Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

Misal: Tutaq ki, sahibkarın ümumi gəliri 1.000 manatdır və onun 200 manatı nağd qaydada daxil olub, 800 manatı isə POS-terminal vasitəsilə əldə edilib. Əgər xərclər 700 manat olarsa, gəlir həmin məbləğ çıxıldıqdan sonra müəyyən edilir:
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
1.000-700 = 300 manat;
Gəlir = 300 manat.

Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat təşkil edirdi:
1000-700=300x20% = 60 manat.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat olub. Burada 12 manat azalma müşahidə edilir:
800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) =0,8 (xüsusi çəki);
60 x 0,8 x 25% = 12 manat;
60 - 12=48 manat.

Beləliklə, bu zaman sahibkar gəlirindən əvvəlki qaydada olduğu kimi, 60 manat deyil, 48 manat vergi ödəyir. Nisbətən iri məbləğdə gəliri olan ticarət mərkəzlərində, iaşə sferasında bu güzəşt daha çox hiss olunur. Onu da qeyd edək ki, güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

İqtisadçı ekspert Altay Cəfərov qanunvericiliklə ticarət və ictimai iaşə sektorlarında fəaliyyət göstərən sahibkarlara vergi güzəştlərinin verilməsinin əhəmiyyətini vurğulayıb: "Burada əsas məqsəd "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, nağd əməliyyatların azaldılmasıdır. Faktiki olaraq ödənişlər POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirildikdə həmin dövriyyələr rəsmiləşir. Dövriyyənin rəsmiləşdirilməsi isə mal dövriyyəsinin real həcmini görməyə imkan verir".

Bu cür rəsmiləşmələrin həm idxal mallarına, həm yerli istehsala, həm də digər satıcılardan alınan mallara aid olduğunu vurğulayan ekspert bütün əməliyyatların rəsmiləşdirilməsinin nağd dövriyyənin azalmasına, nağdsız əməliyyatların artmasına gətirib çıxardığını deyib: "Bu, toplanmış vergilərin həcminin artmasına səbəb olur. Ticarət və iaşə xidməti göstərən sahibkarlara 25 faizlik vergi güzəşti verilməsinə baxmayaraq, dövriyyələrin artması ilə əlaqədar vergi tutulan məbləğlər də artır. Bu isə büdcə daxilolmalarına müsbət təsir göstərir".

A.Cəfərov qeyd edib ki, POS-terminallarla ödənişlərin həyata keçirilməsi istehlakçılar üçün də faydalıdır. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir: "Bu, fiziki şəxslərə nağdsız əməliyyatlara daha çox üstünlük verməyə imkan yaradır. Onlar alış-veriş edərkən çekləri tələb etməlidirlər. İstehlakçılar həmin çeklər əsasında ödədikləri ƏDV-nin müəyyən hissəsini geri alacaqlar".

Fərqanə ALLAHVERDİQIZI