Azərbaycana 300 milyard dollara yaxın investisiya qoyulub

2023.05.02 14:46 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan iqtisadiyyatı dərin tənəzzül içində idi və Prezident onun sabitliyinin təmin olunmasına çox böyük töhfələr verdi.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ş.Mövsümov, həmçinin “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Bakı-Tbilisi-Ceyhan layihəsindən və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrinin önəmindən bəhs edib. “Ölkəmizə 300 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib”, - deyə Şahmar Mövsümov vurğulayıb.

AZƏRTAC