“Belarus və Azərbaycanın nəqliyyat və logistika potensialının inkişafı istiqamətində mühüm addımlar atılır. Multimodal daşımalar Belarus və Azərbaycan arasında bütün nəqliyyat növlərini əhatə edən və regionun bütün infrastruktur layihələrini nəzərə alan əməkdaşlığın perspektivli sahələrindəndir”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Leşenyuk bildirib.
O.Leşenyukun sözlərinə görə, Belarus Respublikası Qərbi Avropa dövlətlərini Şərqlə, Qara dəniz sahili rayonlarını isə Baltik dənizi ölkələri ilə birləşdirən əsas nəqliyyat yollarının kəsişməsində yerləşir: “Beynəlxalq təsnifata görə II nömrə (Qərb-Şərq) və IX nömrə (Şimal-Cənub) ilə müəyyən edilmiş iki Trans-Avropa nəqliyyat dəhlizi Belarus ərazisindən keçir.
Azərbaycan TRASECA (Aİ), “İpək Yolu iqtisadi kəməri” (Çin) və “Şimal-Cənub” (Rusiya) kimi transregional layihələrdə, Avrasiyada yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında fəal iştirak edir və Cənubi Qafqaz regionunun geosiyasətində və geoiqtisadiyyatında həlledici rol oynayır”.
O xüsusi vurğulayıb ki, hər iki ölkənin tranzit potensialı böyükdür, ona görə də qarşılıqlı fəaliyyət həm Minsk-Bakı marşrutu üzrə konteyner daşımalarının təşkilinə, həm də üçüncü ölkələrə əlavə həcmdə yüklərin cəlb edilməsinə imkan verəcək.