Belçikada işə velosipedlə gələnlərə pul verilir

2023.05.03 13:20 (UTC+04:00)

Belçikada mayın 1-dən işəgötürənlər işə velosipedlə gələn işçilərə icbari qaydada hər kilometr məsafə üçün 0,27 avro müavinət ödəyirlər.

Ölkənin Milli Əmək Şurası çərçivəsində işəgötürənlərlə işçilərin nümayəndələri arasında qəbul edilmiş sazişə əsasən, işə velosipedlə gələnlərə velosiped pulu verilməsi məcburidir və işəgötürənlərin hər kilometrə görə ödədikləri müavinət vergidən azaddır.

Sənəddə göstərilir ki, bir işçinin gündəlik velosiped pulu 40 kilometrdən çox ola bilməz. Beləliklə, velosiped pulu gündə maksimum 10,8 avro ilə məhdudlaşdırılır.

Onu da qeyd edək ki, indiyə qədər Belçikada velosiped pulu ilə bağlı işəgötürənlər özləri qərar verə bilərdilər. Bu qayda çərçivəsində işəgötürənlərin təxminən 30 faizi velosipeddən istifadə edən işçilərinə evləri ilə iş yerləri arasındakı məsafəyə görə pul ödəyirdilər.

Yeni icbari qaydanın qəbul edilməsi ilə ölkədə velosipeddən istifadənin daha da genişlənəcəyi gözlənilir. Bu isə həm sağlamlıq və ətraf mühit üçün, həm də insanların rifahı üçün faydalıdır.