Yevlax Pilot Aqroparkın ərazisində yeni bağ salınıb

2023.04.28 15:30 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın ərazisində 10 hektar sahədə yeni bağ salınıb.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, yeni bağ salındıqdan sonra aqroparkın ərazisində bağçılıq sahəsi 20 hektara çatdırılıb. Bağda alça, ərik, gilas, nektarin və şaftalı ağacları yetişdirilir. Bundan əlavə, hazırda mövcud olan 5 hektar tingçilik sahəsinin 4 hektar artırılaraq 9 hektara çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC ting ixrac edən ilk Azərbaycan şirkətidir. Şirkət bu il ümumilikdə 1 milyon 250 min ədəd ting yetişdirməyi planlaşdırır. “İSFA” istehsalı artırmaqla 2024-cü ildə ölkənin tinglərə olan daxili tələbatının 50 faizini ödəməyi qarşıya məqsəd qoyub.