Qazaxıstanda kuryer və taksi sürücülərinin fəaliyyəti qanunla tənzimlənəcək

2023.04.28 13:11 (UTC+04:00)

Qazaxıstan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər işə internet platformaları vasitəsilə götürülən işçilərin əməyinin tənzimlənməsini əhatə edir.

Məcəlləyə əlavə edilmiş yeni 146-1-ci maddə internet platformalarından və ya mobil məşğulluq proqramından istifadə etməklə fəaliyyət göstərən fərdi sahibkar və ya hüquqi şəxs tərəfindən işə götürülən işçilərin əməyinin tənzimlənməsinin hüquqi şərtlərini müəyyən edir.

Dəyişikliyə əsasən, işçi ilə internet platformalarından, eləcə də mobil işəqəbul proqramından istifadə etməklə fəaliyyət göstərən fərdi sahibkar və ya hüquqi şəxs arasında əmək müqaviləsi məhdudiyyət qoyulmadan ən azı bir il müddətinə bağlanmalıdır.

Söhbət “Yandex Taxi”, “Glovo Wolt” və digər oxşar platformalardan gedir. Bundan sonra onlar ictimai müqavilə bağlayacaqlar və təklifə qoşulan hər bir taksi sürücüsü və ya kuryer bütün sosial təminatlarla işə qəbul edilmiş hesab olunacaq.

Dəyişikliklərdə qeyd olunub ki, işçi ilə əmək müqaviləsi bağlanarkən əmək qanunvericiliyinin bütün normalarına əməl edilməlidir. Eyni zamanda, iş rejimi, gündəlik işin müddəti, iş vaxtının uçotu, sistem və iş şəraiti tərəflərin razılığı ilə müəyyən edilir, bu, kollektiv və ya əmək müqavilələrində, habelə işəgötürənin aktlarında qeyd olunur.

Qanuna edilmiş dəyişiklik və əlavələr 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək.