Orta Dəhliz iştirakçılarının sayı artacaq

2023.04.27 14:14 (UTC+04:00)

Bu yay daha üç ölkə - Sinqapur, Bolqarıstan və Litva Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM və ya Orta Dəhliz) qoşulacaq.

Bu barədə TBNM-in baş katibi Qaydar Abdikərimov Almatıda keçirilən “Asia Grain Conference” beynəlxalq konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, yaxın 5 ildə TBNM infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avroya yaxın investisiya yatırılacaq.

“İlkin olaraq 3 ölkə, Qazaxıstan, Azərbaycan və Gürcüstan, daha doğrusu, onların dəmir yolu administrasiyaları TBNM-in təşəbbüskarları olub. Bu marşrutun məqsədi Çin və Qazaxıstan kimi ölkələrdən Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya vasitəsilə yüklərin tranzitini təmin etməkdir. Bu 8 ölkə 2017-ci ildən layihə çərçivəsində işləyir. Bu ilin iyun-iyul aylarından onlara daha üç ölkə - Sinqapur, Bolqarıstan və Litva qoşulacaq. Bundan əlavə, sırada Avstriya, Macarıstan və Almaniya kimi ölkələr dayanır, Fransa ekspeditorları da çox fəal maraq göstərirlər”, - deyə Q.Abdikərimov bildirib.

TBNM baş katibinin sözlərinə görə, bu ilin may ayının 1-dən dekabrın 31-dək marşrut boyunca taxıl, yağlı və paxlalı bitkilərin daşınması üçün Kostanay-Port Kurık-Port Bakı-Port Poti/Batumi istiqamətində vaqon daşımalarına kompleks tarif dərəcələri tətbiq olunacaq.

Bildirilib ki, 2022-ci ildə TBNM marşrutu üzrə yükdaşımaların ümumi həcmi 1485 min ton təşkil edib ki, bu da bir il əvvəlki göstəricini 2,5 dəfə üstələyir.