İşğaldan azad edilmiş ərazilərdə çalışanlara verilmiş növbəti imtiyazlardan biri də “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Qanuna edilmiş dəyişiklikdə öz əksini tapmış birdəfəlik müavinətdir.
Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat birdəfəlik müavinət verilir. Müavinətin 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək verilməsi nəzərdə tutulub. Müavinət verilərkən bəzi zəruri şərtlərə diqqət yetirmək lazımdır.
Misal. İşğaldan azad edilmiş ərazilərin rezidenti olan müəssisənin işçisi əmək müqaviləsi əsasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisədə çalışır və son 5 ildə 4 illik əmək stajına malik olmaqla ali təhsilli mütəxəssisdir. İşçi Daşkəsən rayonunda yaşayır.
Bu halda işçiyə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis üçün nəzərdə tutulmuş ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 600 manatlıq müavinət ödənilməyəcək. Çünki Əmək Məcəlləsinin 21-1-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər maddədə nəzərdə tutulmuş şərtlər birgə mövcud olduğu hallarda Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. İşçi Əmək Məclləsinin 3-cü maddəsində nəzərdə tutulmuş işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis anlayışına uyğun gəlsə də, Əmək Məcəlləsinin 21-1.1.3-cü maddəsində nəzərdə tutulmuş tələbə (mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda) uyğun gəlmədiyi üçün nəzərdə tutulan imtiyaz ona şamil edilmir.
Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: Testlər və praktiki məsələlər toplusu”