Sosial şəbəkədə reklamın yerləşdirilməsi üzrə vergi öhdəliyi necə tənzimlənir?

2023.04.27 10:08 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə aparılan ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Sorğuda qeyd olunan ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olduqda, müvafiq qaydada xərc kimi nəzərə alına bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 125-ci, 169-cu və 175-ci maddələri.