ABŞ zənginləri Konqresi onlardan tutulan vergiləri artırmağa çağırır

2023.04.26 13:25 (UTC+04:00)

ABŞ-nin ən varlı insanlarının daxil olduğu “Vətənpərvər milyonçular” hərəkatının fəalları parlament binasının qarşısında toplaşaraq qanunvericiləri varlılardan tutulan vergiləri artırmağa çağırıblar.
“MarketWatch” agentliyinin xəbərinə görə, hərəkatın lideri və “BlackRock”un keçmiş icraçı direktoru Morris Perl deyib: “Konqresmenlərdən xahişimiz budur ki, bizdən vergi tutsunlar. Biz daha çox vergi ödəmək istəyirik”.

M.Perl mövcud vergi sistemini tənqid edərək varlılardan tutulan vergilərin azaldılmasının guya yeni iş yerləri yaratması və hər kəsə fayda gətirməsi kimi fikirlərin “gülünc” olduğunu bildirib. "Bu, iqtisadi manipulyasiyadır və Amerika bunun əvəzini ödəyir", - o, deyib.

“Vətənpərvər milyonerlər” hərəkatı ölkədə proqressiv vergi sistemini tətbiq etməyi və illik 100 milyon dollardan çox gəlirlərə 90% vergi qoymağı təklif edir. Fəallar hesab edirlər ki, kapitalın artımından, mirasdan və ya əməkhaqqından əldə edilməsindən asılı olmayaraq 1 milyon dollardan yuxarı bütün gəlirlərdən bərabər şəkildə vergi tutulmalıdır. Onların mövqeyinə görə, bu tədbirlər gəlir bərabərsizliyinin artması nəticəsində yarana biləcək sosial narahatlıqların qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, Amerikada “Vətənpərvər milyonerlər” hərəkatı on ildən artıqdır varlılar üçün vergilərin artırılmasını tələb edir.